Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın aylarda valyuta bazarına satış yönlü müdaxilə edəcəyini istisna etmir.
Valyuta.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
"Bu ilin 8 ayında dövlətin birbaşa valyuta xərclərinin (o cümlədən xarici dövlət borcuna xidmət) artımı, ölkədə fəaliyyət göstərən müəssisələrin ticarət kreditləri üzrə öhdəliklərini azaltması ilə bağlı artan valyuta tələbi AMB-nin təşkil etdiyi valyuta hərraclarında tam təmin edilib. İlin qalan dövründə dövlətin birbaşa xarici valyutada artan xərclərinin (COP29 və digər dövlət xərcləri) icrasına dəstək məqsədilə valyuta bazarına satış yönlü müdaxilə istisna olunmur.
Bu əməliyyatlar 2022-2023-cü illərdə valyuta bazarına edilmiş 4,2 milyard ABŞ dolları dəyərində alış yönlü müdaxilə nəticəsində əldə edilmiş xarici valyuta hesabına aparılacaq. Gözlənilən satış yönlü valyuta müdaxiləsi həm də əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verəcək", - deyə AMB bəyan edib.
© Report