EN

Dövlət Vergi xidmətinin həbsdə olan sabiq vəzifəli şəxslərinin şikayətləri qismən təmin edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin sabiq rəisi Zaur Adilovun və həmin idarənin audit şöbəsinin sabiq rəisi Əjdər Əliyevin barələrindəki hökmdən verdikləri şikayətə baxılıb.

Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən məhkəmə prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxs bir il altı ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə səkkiz il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Z.Adilovu və Ə.Əliyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb.
Əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar qabaqcadan əlbir olaraq Məhdud Məsuliyyətli Cəmiyyətdə səyyar vergi yoxlamasının keçirilməməsi müqabilində külli miqdarda rüşvət istəyərək aldıqları məlum olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Adilov 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 1 ay müddətə azadlıqdan məhrum edilib. Əjdər Əliyev isə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 2 ay müddətə azadlıqdan məhrum ediliblər.

Sözügedən vəzifəli şəxslər Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü ( külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli biliniblər.

Chosen
2
15
veteninfo.az

10Sources