DogruXeber.az: - Məlum olduğu kimi, internetin qiyməti qaldırıldı. Lakin abunəçilərin fikrincə, minimum sürətin 100 Mbit/s-ə çatdırılması vədi yerinə yetirilmir. İstifadəçilər sosial şəbəkələrdə bu trafikin yarısını belə, almadıqlarından şikayətlənirlər. Vətəndaşlar iddialarına sübut olaraq, internetə qoşulma sürətinin ölçülərini paylaşırlar.Xatırladaq ki, avqustun ortalarından etibarən minimum trafik sürəti 40 Mbit/s-dən 100 Mbit/s-ə çatdırılıb. İndi istehlakçılar ayda 100 Mbit/s üçün 25 manat, 150 Mbit/s üçün 30 manat, 250 Mbit/s üçün isə 36 manat ödəyirlər. Əvvəllər ən aşağı sürət paketi 40 Mbit/s 18 manata başa gəlirdi. Bununla belə, bir çox abunəçilər qiymət artımına baxmayaraq, gələn və gedən trafikin sürətinin xeyli aşağı olduğunu iddia edirlər.Azərbaycanda internet xidmətləri bazarında baş verən son dəyişikliklər əhalinin narazılığına səbəb olub. Ehtimal etmək lazımdır ki, bunun səbəbi qiymət artımının özü deyil, çünki daxili istehlakçılar tənzimlənən qiymətlərin geniş şəkildə artmasına, mal və xidmətlər bazarında ümumi qiymət artımına alışıblar.Məsələ burasındadır ki, “Aztelekom” və “Baktelekom”un xidmətlərinin dəyərinin son zamanlar artması xidmətlərin keyfiyyətinin yaxşılaşması və təklif olunan trafikin xeyli sürətlənməsi ilə izah edilirdi. Tarif planlarında internet sürəti 2,5 dəfə artırılıb, lakin bir çox istifadəçilər faktiki sürətlərin elan edilmiş sürətlərə uyğun gəlməməsindən, habelə tənzimləyici orqanlardan adekvat cavab verilməməsindən şikayətlənirlər.Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti internet provayderləri arasında hakim mövqedən sui-istifadə və kartel müqavilələri ilə bağlı araşdırmalara başlasa da, bu dövlət qurumunun hökmünü gözləmədən qiymətlər artırılıb. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün qeyd etdiyi kimi, son hadisələr və internetin bahalaşması fonunda bu xidmətdən imtina edən istifadəçilərin sayı artıb. Bu vəziyyət xüsusilə ölkənin regionları üçün xarakterikdir.“Rəsmi mənbələr yerli provayderlərin təklifindən yaxa qurtarmaq istəyən abunəçilərin statistikasını açıqlamasa da, məlumdur ki, ölkənin regionlarında bir çox istifadəçi modemləri geri qaytarmaq istəyini bildirib. Bu halı vətəndaşların sosial şəbəkələrdəki yazıları da göstərir. “Aztelekom” bildirir ki, qiymət artımından bir ay sonra, yəni sentyabrın 15-dən sonra internetdən imtina edən abunəçilərin müraciətləri qəbul edilməyəcək, istifadəçilərin özləri isə cərimələnməyə hazırlaşır. Şirkət bu cihazların istifadəsi ilə bağlı abunəçilərlə bir illik müqavilə imzaladığını iddia edir. Halbuki insanların bu barədə məlumatı yoxdur. Lakin qanunsuz bağlanan müqavilələrin heç bir hüquqi qüvvəsi yoxdur”, - deyə ekspert bildirib.Onun sözlərinə görə, “Aztelekom”un hər bir abonent üçün minimum sürətin 100 Mbit/s olması ilə bağlı dedikləri özünü doğrultmayıb və bu, gözlənilən idi: “Bu yaxınlarda magistral operator statusu almış “Aztelekom” nəinki yüz minlərlə istehlakçını 100 Mbit/s sürətlə təmin etməyəcək, hətta bu trafikin yarısını da çatdıra bilməyəcək. Əldə edilən məlumatlar göstərir ki, təqdim olunan sürət müqavilələrdə nəzərdə tutulandan xeyli aşağıdır – bununla bağlı İKT Agentliyinə və Antiinhisar Xidmətinə artıq çoxlu şikayətlər daxil olub”.“Lakin bu sahədə dövlət tənzimləyici orqanı olan qurum heç vaxt qeyd olunan məsələyə münasibət bildirməyib və kütləvi şikayətlər və internet xidmətlərindən çoxsaylı imtinalarla bağlı heç bir açıqlama verməyib. Əgər faktiki olaraq zəruri texniki imkanlar yoxdursa, 100 Mbit/s yüksəksürətli internet üçün abunəçilərlə müqavilələrin necə və hansı əsaslarla bağlanmasına dair izahat verilmir. Üstəlik, “Aztelekom” heç vaxt monitorinq aparmayıb ki, şirkət hər bir abunəçini 100 Mbit/s sürətlə təmin edə bilir, yoxsa ümumiyyətlə, belə texnoloji imkan yoxdur? Və bunun fonunda əsas sual yaranır: əgər belə olarsa, yəni operatorlar və provayderlər istədikləri kimi edirsə, böyük ştatlı tənzimləyici orqanın yaradılmasına və saxlanmasına nə ehtiyac var? Təsəvvür etmək çətindir ki, dövlət tənzimləyici strukturu xidmət təminatçıları qarşısında bu qədər aciz ola bilər”, - deyə Gündüz vurğulayıb.GPON texnologiyası nəzəri olaraq 250 Mbit/s-ə qədər sürəti dəstəkləyə bilsə də, pik saatlarda faktiki istehsal gücü yüklənmələr səbəbindən pozula bilər. Yüksək tələbat dövründə bu sürətlərin etibarlılığı qeyri-müəyyən olaraq qalır.//AYNA.az