EN

İsmayıllıda jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə təlim keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İsmayıllıda jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə sentyabrın 17-19-da təlim proqramı keçirilir.

AZƏRTAC xəbər verir ki, təlimin ilk günündə Dövlət Komitəsinin əməkdaşı Sevil Rəsulzadə çıxış edərək, iştirakçılara media ilə əməkdaşlıq istiqamətində təşkil olunan tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, maarifləndirici təlimlər “2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası”nın tədbirlər planı çərçivəsində keçirilir və məqsəd jurnalistlərin, eləcə də blogerlərin ailə, qadın və uşaq problemlərinin mediada düzgün işıqlandırılması istiqamətində bilik və bacarıqlarının gücləndirilməsi, uşaq hüquqları və gender bərabərliyinə dair informasiyanın yayımlanmasında həssaslığın artırılmasıdır.

Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə “Ailə, qadın və uşaq məsələlərinə hüquqi yanaşma: media müstəvisində” mövzusu üzrə çıxış edərək, məişət zorakılığı və gender əsaslı zorakılıq halları ilə mübarizə istiqamətində mövcud qanunvericilikdən söz açıb, həmçinin media nümayəndələrinin üzərinə düşən öhdəlikləri diqqətə çatdırıb. O, məlumatlar işıqlandırılarkən cinsi ayrı-seçkiliyə yol verilməməsi, balans, dəqiqlik, mənbə müxtəlifliyi kimi prinsiplərə diqqətlə yanaşmanın vacibliyini vurğulayıb.

Təlimin ikinci günündə “Mediada psixoloji sağlamlıq: intihar və bənzərliklər” mövzusunda təqdimatla çıxış edən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov intihar düşüncələrinin psixoloji köklərini anlamaq və onların müasir müalicə metodlarına dair məlumat verib. Bildirilib ki, xüsusilə medianın məşhur şəxsiyyətlərin intiharlarını işıqlandırma tərzi və detalların geniş yayılması intiharların artmasına səbəb ola bilər. Vurğulanıb ki, media nümayəndələri tərəfindən məsuliyyətli xəbər yayımı intihar hallarının azalmasına kömək edə bilər.

Təlim müddətində qadın və uşaq hüquqlarının düzgün işıqlandırılması prinsipləri, media vasitəsilə gender stereotipləri və məişət zorakılığı halları ilə bağlı informasiya hazırlayarkən jurnalistlərin etik davranış qaydaları, həssas qruplarla ünsiyyət və müsahibə aparılması formaları barədə məlumat verilib.

İnteraktiv müzakirə və qrup işləri formatında davam edən təlim müddətində iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, sabah milli qanunvericilik çərçivəsində uşaq hüquqları, gender və məişət zorakılığı ilə bağlı təlim keçiriləcək, iştirakçılara sertifikatlar təqdim olunacaq.

Chosen
27
8
yeniazerbaycan.com

9Sources