VI çağırış üzrə deputat olmuş, son seçkilərdə ilkin nəticələrə görə yenidən qalib gəldiyi elan edilmiş Kəmaləddin Qafarova məxsus “Azəri Med”lə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.
”Yeni Gundem” xəbər verir ki, “Azəri Med” İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İrəli sürülmüş maddəylə bağlı Tribunainfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, gömrük orqanları tamamilə haqlı şəkildə şirkətə cərimə tərtib ediblər. Çünki hər bir şirkətin, sahibkarın borcudur ki, mal barədə əvvəlcədən gömrük orqanlarına elektron məlumat versin:
“Sahibkarlar, şirkətlər xaricdən mal gətirdərkən qabaqcadan gömrük orqanlarına elektron şəkildə məlumat verməlidir ki, mənə belə bir mal daxil olacaq. Gömrük orqanları əvvəlcədən məlumatlı olmalıdır ki, kimin, hansı şirkətin malı gələcək. Onsuz da mal gələndə biləcəklər, təbii ki. Ancaq əvvəlcədən bilinməlidir ki, belə bir mal gələcək. Şirkət bunu bildirməyib. İşin qaydası budur. Sahibkarın, şirkətin borcudur ki, elektron məlumat versin gömrük orqanlarına.
Bu şirkətin öz məsuliyyətsizliyi səbəbindən baş verir ki, elektron məlumat verməyi unudurlar, məsuliyyətsiz yanaşırlar. Bu işçilərin, şirkətin öz işinə etinasız yanaşmasından irəli gəlir. Şirkət məsuliyyətsizlik edir və nəticədə də cərimələnir”.
Xatırladaq ki, “Azəri Med” ilə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 1 oktyabr tarixində hakim Vüsal Qurbanovun sədrliyi ilə işə baxılacaq.