EN

“Tottenhem” derbidə uduzdu, “Qarabağ”la matçdan əvvəl xaos yarandı – detallar

“Qarabağ”ın Avropa Liqasının liqa mərhələsindəki rəqibi “Tottenhem” qapıçısı Gilyelmo Vikarioyla bağlı problem yaşayır.

Qolkiperin İngiltərə premyer-liqasında meydana çıxdığı 4 matçda 4 qol buraxması azarkeşlərin narazılığına səbəb olub. “Football-plus.az” xəbər verir ki, bu barədə “football.london” məlumat yayıb.

Tərəfdarların səbrini daşıran məqam isə “mahmızlar”ın premyer-liqanın 4-cü turunda keçirilən London derbisində, yəni “Arsenal”a evdə uduzmasıdı (0:1).

“Football.london” durumu belə şərh edir:

“Vikario əvvəllər çıxışları, xarakteri və ehtirasıyla baş məşqçi Ange Postekoğlunun onu niyə israrla istədiyini göstərdi. Lakin indi narahatlıq doğuran məsələlər ortaya çıxıb. Qolkiper başla və künclərə endirilən zərbələri dəf etməkdə çətinlik çəkir. Bu, Avropa Liqasında da iştirak edəcək komandanın müdafiə xəttinin kövrəkliyindən xəbər verir. Bir neçə oyundu ki, rəqiblər həm asanlıqla cərimə meydançasına daxil olur, həm də “çərçivə”ni nişan ala bilir. Azarkeşlər onu ruhlandırır, daha yaxşı olacağını dilə gətirir. Vikario tərəfdarlara sosial şəbəkə hesablarında verdiyi cavablarla yox, meydanda təşəkkür etməlidi. O, rəqiblərdən qorxmamalı və topa sahib olmaq üçün əlindən gələni etməlidi”.

Yeri gəlmişkən, futbolçu narazı azarkeşlərə müraciət edib:

“Vəziyyətin yaxşı olmadığını bilirəm. İnanılmaz dəstək üçün çox sağolun! Başınızı qaldırın və “Tottenhem”lə qürur duyun. Biz kim olduğumuzu bilirik!”

Baş məşqçi Ange Postekoğlu isə qolkiperin qınanılmasını doğru saymayıb. O, çatımazlıqların bütünlüklə komandadan asılı olduğunu deyib.

Qeyd edək ki, “Tottenhem”in “Qarabağ”la oyunlar üçün sifariş etdiyi futbolçuların siyahısında Vikarionun da adı var. Qapıçı ötən yay “Empoli”dən transfer olunub. O, həm də İtaliya millisinin üzvüdü.

“Köhlən atlar” sentyabrın 26-sı, saat 23.00-da “Tottenhem”in qonağı olacaq.

KƏNAN BAHADIR
Chosen
12
football-plus.az

1Sources