EN

Moskva ilə Tehranın Zəngəzur toqquşması: İran savaşla hədələyir, Şoyqu isə…

İki müttəfiq ölkə dəhlizə görə böhrana daxil olub; cənub qonşumuz “iki ayağını bir başmağa” dirəyib deyə Təhlükəsizlik Şuralarının katibləri tez-tez görüşməli olurlar – Cənubi Qafqazda eskalasiya riski artır
İki müttəfiq ölkə olan Rusiya ilə İran arasında Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılığı getdikcə ciddi böhrana səbəb olmaqdadır. Bu da iki dövlətin rəsmilərinin intensiv şəkildə qarşılıqlı səfərlərində və müzakirələrində öz əksini tapmaqdadır.
Orta dəhlizin işə düşməsinə yeganə İrandır ki, əleyhinə çıxır. Yəni ABŞ, Fransa nəqliyyat kommunikasiyalarının açılmasına qarşı çıxmır, sadəcə, dəhlizə kontrolun Rusiyada olmasını istəmirlər. Bu mövqeyi Ermənistan da bölüşür. Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya da logistikanın bərpasında maraqlıdır, amma Moskva 10 noyabr sənədinə istinad edərək nəzarətin Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətində olmasını tələb edir. Yəni bütün ölkələr Zəngəzur dəhlizinin bu və ya digər şəkildə açılmasının tərəfdarıdır, yeganə Tehrandır ki, birmənalı şəkildə etiraz edir, bunu Cənubi Qafqazda sərhədlərin dəyişməsi, İranın “qırmızı xətti” kimi qiymətləndirir.
O baxımdan, son həftələrdə Moskva-Tehran danışıqlarında ciddi bir dinamika müşahidə olunur. İran rəsmiləri isterika içində olduqlarını nümayiş etdirirlər. Buna görə də əvvəlcə avqustun 5-də Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana getdi, Şoyqu adıçəkilən ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının rəhbəri Əli Əkbər Əhmədianla danışıqlar apardı, oradan isə Bakıya gəldi. Həmçinin avqustun 18-19-da Kreml lideri Vladimir Putin Bakıya səfər etdi, Şimal-Cənub dəhlizi, eləcə də digər kommunikasiyalardan danışdı. Bunun ardınca ötən həftə İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının rəhbəri Əli Əkbər Əhmədianın Moskvaya səfəri baş tutdu və Şoyqu ilə müzakirələr apardı. Bu görüş zamanı da Rusiya TŞ katibi bəyan etdi ki, ölkəsinin Zəngəzurla bağlı mövqeyi dəyişməyib.
Lakin görünür ki, Rusiya ilə İran bu məsələdə konsensus əldə edə bilmirlər. Müttəfiqlərin bəlkə də yeganə toqquşduğu strateji məsələ dəhlizdir. Görün Tehran üçün bu mövzu nə dərəcədə kritik əhəmiyyətə malikdir ki, Moskva ilə uzlaşma yoxdur. Ona görə də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sentyabrın 17-də yenidən Tehrana yola düşdü və İranda prezident Məsud Pezeşkianla görüşdü, ona Rusiya lideri Putinin mesajını çatdırdı. Bildirilir ki, Şoyqu Pezeşkiana müəyyən “əldə edilmiş razılaşmalar haqqında hesabat” da təqdim edib. Rusiya Təhlükəsizlik Şurasının katibi elan olunmamış səfərlə Tehrana gəlib və iranlı həmkarı Əli Əhmədian ilə danışıqlar aparıb. Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər, regionda nəqliyyat marşrutları və dəhlizləri ilə bağlı İslam Respublikasının mövqeyinə xüsusi diqqət yetirilib. Beləliklə, Zəngəzur dəhlizi üzərindən Tehran-Moskva qarşıdurması İran Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Rusiyaya səfəri ilə də həll edilmədi.
Əhmədianın Moskva səfərindən sonra baş verənlər də İran rəsmisinin “əliboş” qayıtdığını deməyə əsas verir. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın “Moskva Zəngəzur dəhlizi ilə bağlı öz arqumentlərini təqdim edib və İranın bunu başa düşəcəyinə ümid edir” açıqlaması, kommunikasiyanın açılması üzrə Üçtərəfli İşçi Qrupunun Rusiyadan olan həmsədri Aleksey Overçukun İrəvana səfəri və verdiyi bəyanatlar da bu ehtimalı gücləndirir. İran isə “müharibə edəcəm” təhdidini davam etdirməkdədir, SEPAH-a bağlı informasiya resursları təbliğatı bu yöndə aparır. Son olaraq, İran Elmi Hövzələrin rəhbəri, İran Konstitusiyasının Keşikçilər Şurasının üzvü Ayətullah Əlirza Ərafi “Rusiyaya xəbərdarlıq edirik: Zəngəzur dəhlizinin mülkiyyət məsələsi bizim qırmızı xəttimizdir” açıqlamasını verib. Yeri gəlmişkən, eyni gündə Türkiyədən də Zəngəzur açıqlaması gəldi. Daha doğrusu, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın II Bakı Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib ki, İrəvan və Bakı arasında hərtərəfli sülh sazişi Qafqazda uzunmüddətli sabitliyin təmin edilməsi və Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə-Avropa marşrutu üzrə kommunikasiyaların inkişafı, o cümlədən ikitərəfli əlaqələrin qurulması üçün Zəngəzur dəhlizinin açılması mühüm əhəmiyyət kəsb edir.

Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a sözlərinə görə, İran Zəngəzur dəhlizi ilə bağlı ikibaşlı siyasət yürüdür. Onun zənnincə, Tehran bir tərəfdən koridora nəzarətin Rusiyada olmasını istəməyən qüvvələri yanına almağa çalışır, digər aspektdən isə bu layihədə özünə pay tələb edir: “Rusiyanın yola nəzarətini ABŞ, Fransa, Ermənistan istəmir. Bununla İran onlarla bir mövqedə olduğunu nümayiş etdirir, münasibətləri yumşaltmağa çalışır. Ancaq son danışıqlarda Rusiyanın İranı razı sala bilməməsi göstərir ki, Tehran dəhlizin iqtisadi dividentlərindən faydalanmaq niyyətindədir. Sadəcə, hələlik ortaq məxrəcə gələ bilmirlər. Tehran üçün “Cənubi Qafqazın sərhədləri” anlayışı isə geosiyasi maraqlara söykənir. İran dəhliz açılandan sonra geopolitik və strateji əhəmiyyətinin itirilməsindən qorxur. Ona görə hətta Rusiyaya müqavimət göstərir, amma gec-tez bu düyün açılacaq”.

 Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlıya görə, Qarabağın azad edilməsindən sonra İranın Cənubi Qafqaza giriş imkanları böyük ölçüdə məhdudlaşıb: “Tehranda düşünürlər ki, Zəngəzur dəhlizi 10 noyabr bəyanatına uyğun açılarsa, Ermənistana, bütövlükdə bölgəyə girişi bloklanacaq. Zəngəzur dəhlizi reallaşması bu layihənin də bir hissəsi olduğu Orta dəhlizin perspektivini gücləndirəcək və bu, İranın Avrasiyanın nəqliyyat şəbəkəsindəki rolunu müəyyən qədər azalda, yaxud ona qarşı alternativləri önə çıxara bilər. İranın əsas hədəfi praktiki icrası nə qədər qeyri-mümkün görünsə də, Fars körfəzi-Qara dəniz marşrutunu reallaşdırmaqdır. Ki, Mehridən keçəcək dəhliz bu layihəni tamamilə rəfə qaldıra bilər. Və ən mühüm məqamlardan biri Zəngəzur dəhlizi ilə bölgədə Türkiyənin rolunun artması, Azərbaycanın güclənməsi Tehranda narahatlıq yaradır”.
Ekspertin fikrincə, hərçənd rəsmi Bakı dəfələrlə Tehrana “bölgədəki maraqlarına təhlükə olmadığını” izah edib, regional əməkdaşlıq platformasını (3+3) irəli sürüb, hətta dəhlizin İran marşrutunun da açılmasına razılaşaraq, niyyətini praktiki müstəvidə nümayiş etdirib: “Eyni izahı Moskva və Ankara da paylaşır. Tehran isə əməkdaşlıq imkanlarını dəyərləndirmir, əksinə, pozucu mövqeyindən əl çəkmir, halbuki İran bu prosesdə “ofsaytda” qalan tərəfdir və müdaxilə imkanları məhduddur. İran bu layihəyə qarşı “lazım olarsa, hərbi müdaxiləyə” əl atacaq, “ikinci cəbhədə döyüşmək gücündədir”, “İranın hərbi rəhbərliyi hərbi ssenari üzərindən düşünür” kampaniyası aparır. Ümumiyyətlə, Qarabağdan çıxdıqdan sonra Zəngəzur dəhlizini əsas dayaq nöqtəsi olaraq görən Rusiyanın geri çəkilməyəcəyi bəllidir. İranın nə edəcəyi, dəhliz layihəsinə hansı formada qarşı çıxacağı maraqlıdır. “NATO-Turan dəhlizi” təbliğatı və “hərbi müdaxilə” blefinin işə yarayacağı ehtimalı zəifdir. Bu baxımdan, İran nəticə əldə edə bilməsə də, yenidən Azərbaycanın üzərinə fokuslana bilər”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Chosen
65
50
arantv.az

10Sources