EN

AZSTAND-ın nümayəndələri ISO-nun illik toplantısında iştirak ediblər

ISO DEVCO-nun (Beynəlxalq Standartlaşdırma Təşkilatının İnkişaf etməkdə olan ölkələrə dəstək Komitəsi) plenar iclası çərçivəsində AZSTAND-ın nümayəndəsi panel sessiyasında məruzəçi qismində çıxış edib, ISO-nun (Beynəlxalq Standartlaşdırma Təşkilatı) təşkilatçılığı ilə ölkəmizdə həyata keçirilən "Dayanıqlı inkişaf standartları - Enerjinin idarə edilməsi" layihəsi və onun üstünlükləri barədə məlumat verib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndə heyəti Kolumbiya Respublikasının Kartaxena şəhərinə səfər edib. Səfər çərçivəsində heyət Kolumbiya Texniki Standartlar və Sertifikatlaşdırma İnstitutu (ICONTEC) tərəfindən təşkil olunan Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) illik toplantısına qatılıb.

Toplantı çərçivəsində AZSTAND əməkdaşları ISO Baş Assambleyasının 46-cı və İnkişaf etməkdə olan ölkələrə dəstək Komitəsinin (ISO DEVCO) 58-ci iclaslarında, o cümlədən 2025-2027-ci illər üzrə ISO prezident seçkiləri və eyniadlı Şuraya (ISO Council) üzv seçkilərində iştirak ediblər.

ISO DEVCO-nun plenar iclası çərçivəsində "İnkişaf etməkdə olan ölkələr üzrə 2021-2025-ci illər üçün Fəaliyyət Planı"nın (APDC) icrası məqsədilə hesabat xarakterli panel sessiyası təşkil edilib. DEVCO Sədrinin Məsləhət Qrupunun (CAG) üzvü olan AZSTAND-ın baş direktor müavini Kəmalə Məmmədzadə panel müzakirələrində məruzəçi qismində çıxış edib.

Çıxış zamanı Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) dəstəyi və AZSTAND-ın bilavasitə təşkilatçılığı ilə Azərbaycanda həyata keçirilmiş "Dayanıqlı inkişaf standartları - Enerjinin idarə edilməsi" ("Standards 4 Sustainability - Planet: Energy Management") layihəsindən bəhs edilib. Sözügedən layihə üzrə əldə edilmiş nəticələr yüksək qiymətləndirilərək digər inkişafda olan ölkələr üçün nümunəviliyi diqqətə çatdırılıb. Bundan əlavə, ISO 50001:2018 "Enerji idarəetmə sistemləri" beynəlxalq standartının tətbiqinin əhəmiyyətindən söz açılıb. Bu standartın enerji effektivliyi, təhlükəsizliyi və istehlakı da daxil olmaqla, enerji sisteminin yaxşılaşdırması üçün üstünlüklərindən bəhs olunub.

Toplantı çərçivəsində AZSTAND-ın nümayəndəsi "Daha yaxşı gələcək üçün yeni nəsil" (Next generation for a better future) adlı sessiyada iştirak edib. Sessiyada gələcək nəslin standartlaşdırmada fəal iştirakı, o cümlədən texnologiyanın inkişafında standartlaşdırmanın rolu və faydaları ətrafında müzakirələr aparılıb.

Səfər çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının, eləcə də Qazaxıstan, Özbəkistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Çinin standartlaşdırma qurumlarının, Amerika Test Materialları Cəmiyyətinin (ASTM) və İstehlakçı Siyasəti Komitəsinin (ISO COPOLCO) nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib. ISO COPOLCO heyəti ilə görüş zamanı Komitədə AZSTAND-ın iştirakının genişləndirilməsi və istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı müvafiq standartların qəbulu istiqamətində müzakirələr aparılıb.

Standartlaşdırma sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Standartlaşdırma İnstitutu və Yunanıstan Standartlaşdırma Təşkilatı (NQIS/ELOT) arasında Anlaşma Memorandumu imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
22
2
olaylar.az

3Sources