EN

Azərbaycanın ATƏT və Avropa Şurası rəhbərliyinə müraciəti yerində olan bir müraciətdir - ÖZƏL

"Azərbaycanlıların qədim yaşayış məkanlarından olan İrəvan şəhərindəki izlərinin indiki Ermənistan rəhbərliyi tərəfindən silinməsi siyasəti mədəni dəyərlərə qarşı ağır cinayətdir".

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Azərbaycan Qeyri-Hökumət Təşkilatları nümayəndələrinin bu gün ATƏT və Avropa Şurası rəhbərliyinə bununla bağlı müraciəti dünyanın diqqətini ermənilərin bu cinayətinə cəlb eləmək yönümündə təsirli rol oynaya bilər. Təəssüf ki, bundan əvvəl Azərbaycan QHT-ləri UNESCO-nun rəhbərliyinə də bununla bağlı müraciət etmişdilər. Xüsusilə də, Yerevanın azərbaycanlılarla bağlı qədim nöqtələrinin, məhəllələrinin məhv edilməsi yönündə narahatlıq təəssüf ki, UNESCO rəhbərliyinə lazımi qədər təsir göstərməyib. Biz bilirik ki, Qədim Yerevanın vaxtilə azərbaycanlılar yaşayan məhəllələrindən bu gün ermənilərin əlindən az-çox sağ-salamat qalan hissə Təpəbaşı məhəlləsidir, hansı ki, orada şəhər məhəlləsi olub, Dəmirbulaq olub. Bunların hamısını, eləcə də XVİİİ əsrdə tikilmiş Göy Məscidin ermənilər tərəfindən ya saxtalaşdırılması, ya da tamamilə məhv edilməsi bu günkü cinayətin reallıqlarından biridir.
Azərbaycanın ATƏT və Avropa Şurası rəhbərliyinə müraciəti yerində olan bir müraciətdir. Bu, indiki şəraitdə Ermənistanın Azərbaycanı guya erməniləri Azərbaycandan deportasiya etməkdə ittiham etmək siyasətinə çox tutarlı bir cavabdır. Əgər dünyada obyektivlik, reallıq olsa, ermənilərin yalan təbliğatına yox, qaldırılmış bu kimi əsaslı narahatlıq faktlarına dünya təşkilatları lazımınca nəzər, diqqət yetirə bilərlər.
Əlbəttə, hələ Vətən müharibəsindən qabaq və ondan sonrakı aylarda Azərbaycanın UNESCO-dan rəsmi dövlət səviyyəsində Azərbaycanda və Ermənistanda olan mədəni irsin yoxlanması üzrə missiya tələbinə YUNESKO nun sükutula cavab verdiyini bir fakt olaraq bilirik. Çünki YUNESKO işğal illərində bir dəfə də olsun belə bir addım atmadı və həm işğal altındakı Azərbaycan mədəniyyət abidələrinin, həm də Ermənistandakı mədəniyyət abidələrinin yoxlanması ilə bağlı müraciətlərə tükünü də tərpətmədi. Ona görə də müharibədən sonra UNESCO-nun ermənilərin çağırışına uyaraq guya Azərbaycanda, Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı çağırışlarına reaksiya verməsi həm riyakarlıq əlaməti oldu, həm də gecikmiş reaksiya oldu.
Bu gün də Azərbaycan QHT-lərinin ATƏT və Avropa Şurası rəhbərliyinə müraciəti tam əsaslı olsa da, amma bəzi qərb ölkələrinin siyasətindəki bəzi nüanslar və Azərbaycanın hazırkı Azərbaycan qeyri hökumət təşkilatlarının hazırkı müraciəti Qərbdə ölkəmizə qarşı ikili standartların və siyasi yanaşmaların tüğyan etdiyi bir dövrə təsadüf edir. Bu vəziyyət həm ATƏT-dən, həm də Avropa Şurasından Azərbaycan vətəndaş cəmiyyətinin əsaslı narahatlığına tutarlı bir reaksiyanın veriləcəyinə ehtimalları zəiflədir. Amma bütün bunlar edilmiş müraciətin əhəmiyyətini və tarixi dəyərini azalda bilməz. Həm ATƏT-dən, həm də Avropa Şurasından hansı cavabın veriləcəyindən asılı olmayaraq, fakt budur ki, ermənilərin bu vandalizmi reallıqdır və Azərbaycan bu vandalizm aktlarına qarşı dünya miqyasında özünün ifşaedici siyasətini davam etdirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
27
olaylar.az

1Sources