EN

Xaricdə təhsil alan tələbələrdə DİL PROBLEMİ: səbəblər və çətinliklər

Son illərdə xaricdə təhsil almaq istəyən gənclərin sayı getdikcə artmaqdadır. Beynəlxalq təcrübə qazanmaq, dünya səviyyəsində keyfiyyətli təhsil almaq və fərqli mədəniyyətlərlə tanış olmaq bu seçimi maraqlı edən əsas səbəblərdəndir.

Lakin, xaricdə təhsil alan tələbələr bir sıra çətinliklərlə qarşılaşırlar ki, bunlardan ən böyüyü dil problemidir. Xarici ölkədə yaşamağın və təhsil almanın gözəllikləri ilə yanaşı, tələbələr yeni bir dil mühitinə adaptasiya olmaqda çətinlik çəkə bilərlər.

Bəs bu çətinliyin əsas səbəbi nədir?

Mövzu ilə bağlı Busaat.az-a açıqlama verən təhsil eksperti Aisa Aslanova bildirib ki, xaricdə təhsil alan tələbələrin dil problemi yaşamasıda mühüm səbəb dil biliyinin çatışmazlığı əsas faktor kimi ön plana çıxır. Onun sözlərinə görə, bəzi tələbələr xarici dil üzrə ilkin biliyə malik olsalar da, akademik səviyyədə bu dili səlis və düzgün istifadə etməkdə çətinlik çəkirlər. Universitetdə keçirilən dərslər və müzakirələr dərin elmi anlayışlar tələb etdiyindən, bu sahədə dil baryerləri daha aydın şəkildə özünü göstərir.

Ekspert qeyd edib ki, ikinci səbəb isə mədəni fərqlərdir:

“Hər dilin özünəməxsus ifadə tərzi və üslubu var. Xaricdə təhsil alan tələbələr çox vaxt mədəni fərqliliklər səbəbindən dili düzgün mənimsəyə bilmirlər. Dildəki xüsusi terminlər, deyimlər və gündəlik danışıq üslubu onlara tanış olmaya bilər. Bu da həm akademik, həm də sosial münasibətlərdə çətinliklər yarada bilər”.

Aisa Aslanova bildirib ki, bunlardan başqa, bəzi tələbələr dil mühitinə tam olaraq inteqrasiya ola bilmirlər:

“Xarici ölkədə dil mühitinə daxil olmaq üçün o dildə daimi ünsiyyət qurmaq vacibdir. Lakin bir çox tələbələr öz vətənlərindən olan qruplar arasında vaxt keçirdikləri üçün xarici dil təcrübəsi məhdud qala bilər. Bu da onların dil inkişafına mane olur”.

Mütəxəssis qeyd edib ki, dil maneələri üzrə problemlər yaşanan ölkələr sırasında ən çox Çin , Yaponiya və Koreya yer alır:

“Son illərdə Kanada tələbələr arasında populyarlığını artırmış bir təhsil mərkəzinə çevrilmişdir. Bunun səbəbləri arasında Kanadanın çoxmədəniyyətli cəmiyyəti, yüksək keyfiyyətli təhsil sistemi və ingilis dili ilə yanaşı, fransız dilində də geniş imkanlar təqdim etməsi var. Bu, tələbələrə yalnız dil biliklərini artırmaqla qalmayıb, eyni zamanda beynəlxalq əlaqələrini genişləndirmək və qlobal iş bazarında rəqabət üstünlüyü qazanmaq imkanı yaradır. Son zamanlar rəsmi beynəlxalq dil imtahanlarına qarşı artan maraq onu göstərir ki, dillərə qarşı maraq keçən illərlə müqayisədə artıb. IELTS, TOEFL, Duolingo, TestDAF, DELE və s imtahanlar demək olar ki, hər ay Bakıda keçirilir və minlərlə şəxslər burada iştirak edirlər. Bəziləri iş üçün, amma əksəriyyət məhz təhsil üzrə bunun tələb olaraq göstərildiyi üçün imtahanlarda iştirak edirlər”.

Son olaraq Aisa Aslanova vurğulayıb ki, dil maneələrinin aradan qaldırılması üçün kompleks yanaşma tələb olunur:

Təhsil müəssisələri və tələbələr bu çətinlikləri aşmaq üçün birgə səylərini artırmalıdırlar.” Bu yanaşma ilə tələbələr xarici təhsil imkanlarından maksimum dərəcədə faydalana bilərlər, həmçinin qlobal əmək bazarında rəqabət qabiliyyətlərini artıraraq müvəffəqiyyətli karyeralar qurma şansı əldə edərlər”,- mütəxəssis fikrini yekunlaşdırıb.

Əli Hüseynov

 

Chosen
89
33
busaat.az

10Sources