Moskvanın Basman məhkəməsi Rusiyanın müdafiə nazirinin müavini Timur İvanovun rüşvət işi üzrə həbs müddətini 3 ay daha uzadıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Bildirilib ki, məhkəmə istintaqın vəsatətini təmin edib və İvanovun, eləcə də onun şərik olduğu iddia edilən biznesmen və “Voljski Bereg” şirkətinin direktoru Sergey Borodinin həbs müddətini dekabrın 23-dək uzadıb.
Vəkillər işdə iştirak edənlərin barəsində seçilmiş həbs-qətimkan tədbirinin yüngülləşdirilərək ev dustaqlığına buraxılmasında israr ediblər. Görüş bağlı qapılar arxasında keçirilib.
Xatırladaq ki, T.İvanov aprelin 23-də 1 milyon rubl (19 000 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçmişdi. İyun ayında isə həbs müddəti 3 ay daha uzadılmışdı.
İttiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.