EN

Qazaxıstan Orta Dəhliz üzrə daşımaların həcmini 10 milyon tona çatdırmaq niyyətindədir

Qazaxıstan

Astana, 20 sentyabr, AZƏRTAC

Cümə axşamı Astanada Qazaxıstanın Baş naziri Oljas Bektenov və Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili arasında keçirilən görüşdə tranzit-nəqliyyat sektorunun inkişaf perspektivləri müzakirə edilib.

AZƏRTAC Qazaxıstanın Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, Oljas Bektenov Qazaxıstan və Gürcüstanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı çərçivəsində fəal əməkdaşlıq etdiyini qeyd edib.

“Bu marşrut üzrə yüklərin daşınması ötən il 65 faiz, bu ilin 8 ayı ərzində isə 69 faiz artaraq 2,9 milyon tona çatıb”, - deyə o bildirib.

Baş nazirin sözlərinə görə, Qazaxıstan Respublikası marşrut üzrə yükdaşımaları 10 milyon tona çatdırmağa çalışır. Bunun üçün hökumət tranzit şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görür.

Qazaxıstan hökumətinin başçısı Bakı – Tbilisi - Qars xətti də daxil olmaqla, TBNM marşrutu üzrə rəqabətqabiliyyətli tarif şərtlərinin yaradılması, çatdırılma müddətlərinin azaldılması və nəqliyyatın həcminin artırılması istiqamətində birgə işlərin davam etdirilməsinin vacibliyini qeyd edib.

Bununla yanaşı, nəqliyyat dəhlizinin beynəlxalq daşıyıcılar üçün cəlbediciliyini artıracaq aktiv rəqəmsallaşdırılmanın zəruriliyi vurğulanıb.

Həmçinin Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
73
3
azertag.az

4Sources