EN

Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

Müasir və müstəqil Azərbaycanın tarixində baş verən əhəmiyyətli hadisələrdən biri də 1994-cü ilin sentyabrın 20-də Gülüstan sarayında baş tutan “Əsrin müqaviləsinin” imzalanması mərasimi olub.

Bu müqavilənin ərsəyə gəlməsinə, həmin dövrün siyasi hadisələrinə, Azərbaycanın daxilindəki ictimai-siyasi vəziyyətə nəzər saldıqda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, sözün əsl mənasında, dünya miqyaslı dahi siyasi xadim olduğunu aydın şəkildə görərik. “Əsrin müqaviləsi”nin Heydər Əliyevin adı ilə birbaşa bağlı olması da təsadüfi deyil. Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının nəticəsi idi ki, bu müqavilələr imzalandı, Azərbaycan nəinki iqtisadi dividendlər qazandı, eyni zamanda, siyasi zəmanət və müstəqilliyə qarant əldə etdi.

Həmin dövrün hadisələrinə nəzər salmadan “Əsrin müqaviləsi”nin mahiyyətini göstərmək mümkün deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzünə qarşı etiraz edən xalq kütlələrinin emosiyaları üzərində Azərbaycanda hakimiyyətə yiyələnən təsadüfi siyasi qüvvələr müstəqilliyini yenidən bərpa etmiş ölkəmizi nəinki idarə edə bilmədilər, onun ərazi bütövlüyü və suverenliyini də itirdilər. Bir tərəfdən Qarabağın işğalı, digər tərəfdən siyasi qüvvələrin hakimiyyət uğrunda apardığı kəskin mübarizə ölkədə ictimai-siyasi sabitliyi pozmaqla yanaşı, iqtisadi tənəzzülün son mərhələsinin əsasını yaratmışdı. Həmin dövrdə Moskvadan Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvanda idi. Lakin onun siyasi nüfuzu və Sovet İttifaqı dövründə Azərbaycan üçün həyata keçirdiyi işlər xalqın yaddaşına həkk olunmuşdu. Buna görə də 1991-ci ilin sentyabrında Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə seçildi və ilk dəfə olaraq Azərbaycanın üçrəngli bayrağı məhz Naxçıvanda dövlət bayrağı kimi qəbul edildi.

Azərbaycanda isə məhrumiyyətlə üzləşən xalqın səbir kasası dolmuşdu və xalq ayağa qalxaraq təkidlə Heydər Əliyevin Naxçıvandan Bakıya gələrək Azərbaycana rəhbərlik etməsini tələb etdi. Həyatının heç bir dövründə vəzifə və siyasi hakimiyyət istəyində olmayan Heydər Əliyev xalqın acınacaqlı vəziyyətinə və 70-80-ci illərdə qurub yaratdığı Azərbaycanın məhv olmasına biganə qala bilmədi və xalqın səsinə səs verərək 1993-cü ilin iyununda Bakıya qayıtdı.

Neft və qaz sənayesi tarixi ilə bağlı çoxsaylı tədqiqat əsərlərinin müəllifi Daniel Yergin “Enerji axtarışında: Enerji, təhlükəsizlik və müasir dünya nizamı kitabında o dövrü belə təsvir edir: “Bakıda siyasi mübarizənin daha da kəskinləşdiyi bir vaxtda və ölkə vətəndaş müharibəsi astanasında olanda o, paytaxta qayıtdı və 1993-cü ildə baş verən üsyan cəhdləri fonunda prezident səlahiyyətlərini həyata keçirməyə başladı. Yetmiş yaşında Heydər Əliyev yenidən hakimiyyətə gəldi. O, özü ilə sabitlik gətirdi. O, işə böyük məharət də gətirdi”.

Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Heydər Əliyev ilk olaraq Ermənistanın təcavüzünün qarşısını aldı və atəşkəs müqaviləsinin imzalanmasına nail oldu. Daha sonra Azərbaycanın iqtisadi inkişafı və xalqın sosial vəziyyətinin yaxşılaşması istiqamətində özünün neft strategiyasını həyata keçirməyə başladı. Qərbin iri neft şirkətlərinin sərmayəsi olmadan Azərbaycan dünya bazarına çıxaracaq qədər neft istehsal və ixrac edə bilməzdi.

Qərb şirkətləri ilə danışıqlar olduqca ağır bir şəraitdə keçirdi. Şirkətlər Azərbaycanın geosiyasi mövqeyini qiymətləndirərək müqaviləni imzalamaq istəyirdilər. Lakin sərmayə yatırıb neft hasilatına başlamağa tələsmirdilər. Neft strategiyasının hazırlanmasının ilk günündən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir ideya dururdu: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildi. Bizim məqsədimiz neftdən gələn bütün, həm siyasi, həm iqtisadi mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”.

Onun iştirakçısı olduğu saysız-hesabsız görüş və danışıqlar məhz bu deviz altında keçirilirdi, çətinlik və maneələr də olurdu. “Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında İstanbul və yayında Hyustonda son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi səbəbindən danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anı Prezident İlham Əliyev belə xatırlayır: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik". Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı.

1994-cü il sentyabrın 20-də ARDNŞ ilə 6 ölkənin 10 şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın neft sənayesinə “Amoco”, BP, “McDermott”, UNOCAL, “Lukoyl”, “Statoil”, “Exxon”, “Türkiyə Petrolları”, “Pennzoyl”, ITOCHU, “Ramco”, “Delta” şirkətləri iri məbləğli sərmayə yatırmağa razılıq verdilər.

Saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapdı. “Əsrin müqaviləsi”nin imzalanması ilə “Yeni neft strategiyası”nın uğurla həyata keçirilməsinə başlanıldı. Müqavilənin imzalanması mərasimində çıxış edən Prezident Heydər Əliyev deyib: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq”.

“Əsrin müqaviləsi” Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilərək 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlkin hesablamalara görə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun çıxarıla bilən neft ehtiyatı 511 milyon ton müəyyən edilmiş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu göstərici 730 milyon tona çatmışdır. Yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları təşkil edirdi. Ümumi xalis gəlirdən Azərbaycanın payına 80, sərmayəçilərin payına isə 20 faiz düşürdü. “Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradılaraq, ARDNŞ ilə birgə işlərə başlanıldı. Bu müqavilə sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dan çox sazişin imzalanması üçün yol açdı.

“Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları sərmayə qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldildi.

Neftin hasilatı onun dünya bazarına çıxarılmasını da zərurətə çevirmişdi və buna görə də yeni kəmərlər çəkilməli idi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev kəmərin keçəcəyi ərazini geosiyasi maraqları nəzərə almaqla müəyyən etdi və Bakı-Tbilisi-Ceyhan neft, onun ardınca isə Bakı-Tbilisi-Qars qaz kəmərləri çəkilib istismara verildi.

“Əsrin müqaviləsi”ndə nəzərdə tutulan işlərin icrasının nəticəsində hasilat, istehsal və pay bölgüsü artmağa başladı. Artıq Azərbaycan dünya bazarına çıxış əldə etməli və neftini birjalara təklif edib satmalı idi. Buna görə də Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri çəkildi və genişləndirilərək Cənub Qaz Dəhlizi yaradıldı.

Bu gün Azərbaycan Avropaya ildə 20 milyard kubmetrə yaxın qaz ixrac edərək iqtisadi inkişafını davam etdirir. 2027-ci ildən başlayaraq qaz ixracının həcmi 30 milyard kubmetrə çatacaq. “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan bu günədək 593 milyon ton (təqribən 4,4 milyard barel) neft hasil olunub, Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə 4,3 milyard bareldən çox neft dünya bazarlarına nəql edilib. Bakı-Tbilisi-Ceyhan kəməri, “Azəri-Çıraq-Günəşli” yataqları blokunun inkişafı Azərbaycanın enerji təhlükəsizliyini artırıb və regionda enerji resurslarının səmərəli idarə olunmasını təmin edib.

“Əsrin müqaviləsi” Azərbaycana yalnız iqtisadi səmərə deyil, eyni zamanda, siyasi zəmanət də qazandırdı. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin də məqsədi məhz elə Azərbaycanın siyasi müstəqilliyinin əbədi olmasını təmin etməkdən ibarət idi ki, bunu da uğurla həyata keçirdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək inkişafını da nəzərə alaraq 29 dekabr 1999-cu il Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunu (ARDNF) yaratdı. ARDNF karbohidrogen gəlirlərinin səmərəli idarəsi nəticəsində gələcək nəsillər üçün maliyyə sabitliyinin təminatçısına çevrilib, vəsaitlərin uzunmüddətli investisiyalara, inkişaf layihələrinə və insan kapitalının inkişafına yönəldilməsini təmin edib.

2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişə düzəliş edilib və yenidən tərtib olunaraq imzalanıb. Müqavilə müddəti 2049-cu ilin sonunadək uzadılıb ki, bu da Azərbaycanın neft hasilatında uzunmüddətli perspektivlərin mövcud olduğunu göstərir. Yeni sazişə əsasən, mənfəət neftinin 75 faizi Azərbaycana qalır.

Bu gün “Əsrin müqaviləsi”nin qazandırdığı təcrübə və beynəlxalq nüfuz Azərbaycanın yaşıl enerji sahəsinə xarici sərmayələrin cəlb edilməsində mühüm rol oynayır. Neft ixracından əldə olunan gəlirlər alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində sərmayə şəklində istifadə olunur. “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına və hərbi potensialının güclənməsinə səbəb olub. Təsadüfi deyildi ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz cəmi 44 gün ərzində Qarabağı işğaldan azad etdi.

Bu gün işğaldan azad edilən Qarabağda, Naxçıvanda, Xızı rayonunda, Abşeron yarımadasında alternativ enerjinin istehsalı üçün sərmayə yatırılır, beynəlxalq təcrübəyə malik olan şirkətlər dəvət edilir. Azərbaycan 2030-cu ilə qədər enerji balansında bərpaolunan enerjinin payını 30 faizə yüksəltməyi hədəfləyir. Bu, Azərbaycanda enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsi, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.

Cari ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi də təsadüfi xarakter daşımır. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddət ərzində Azərbaycanın sosial-iqtisadi inkişafı onun qlobal problemlərin həlli istiqamətində addımlar atacaq səviyyəyə yüksəlməsinə imkan yaradıb.


Bakı, 20 sentyabr, Rabil Kətanov, Azərtac

Chosen
108
50
operativmedia.az

10Sources