EN

"Burada ailəmiz kimi qeydimizə qalırlar" - Qarabağ Universitetinin TƏLƏBƏLƏRİ

Sentyabrın 23-ü Qarabağ Universitetində tədris başlayacaq. Artıq tələbələr yataqxanalara yerləşdirilməyə başlanıb. Prezident İlham Əliyev sentyabrın 20-də Universitetin təmirdən sonra açılışında iştirak edib.

 

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.

 

Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınıb.

Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.

 

Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb.

 

Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana bilərlər.

 

Dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib.

 

Modern.az Qarabağ Universitetinin tələbələri ilə həmsöhbət olub.

 

Universitetinin Hüquq fakültəsinin tələbəsi Aysu Lətifova bildirib ki, ali təhsil ocağında yaradılan şərait gözləntilərinin üstündədir:

 

“Şərait çox yaxşıdır. Bizim ehtiyacımız olan hər şeylə təmin edilmişik. Tələbə olmaq, xüsusilə Qarabağ Universitetinin tələbəsi olmaq çox gözəl hissdir. Gəldiyimiz ilk gün Xankəndi şəhəri ilə tanış olduq. Bura olduqca gözəldir. Mağazalar, geyim dükanları və insanların ehtiyacı olan bütün müəssisələr fəaliyyət göstərir. Bütün bunlar bizim üçün çox gözəl təəssürat doğurur. Cənab Prezident Universitetimizin açılışını etdikdən sonra tədris binası ilə tanış olmaq şansı da əldə etdik”.

 

Hüquq fakültəsinin tələbəsi Nigar İsmayılova da yaradılan şəraitdən məmnun olduğunu bildirib: “Universitetdə bizim üçün bütün tədbirlər görülüb. Şəhərdə ehtiyacımız olan bütün müəssisələr fəliyyət göstərir. Yataqxanada da bütün şərait təmin edilib".

 

Universitetin Azərbaycan dili və ədəbiyyat müəllimliyi fakültəsinin tələbəsi Nuray Hüseynli qeyd edib ki, yaradılan şərait çox yaxşıdır:

 

“Həm universitet, həm də yataqxana xoşumuza gəldi. Universitet rəhbərliyi də bizimlə çox yaxşı davranır. Öz ailəmiz kimi qeydimizə qalır. Burada heç nədən korluq çəkmirik. Şəhərdə də bizə lazım olan hər şey təmin edilib".

Chosen
58
7
modern.az

7Sources