EN

“Prezidetin izi ilə”: Ağ günlərə çıxan Ağdamdam REPORTAJ

“Sabah işğaldan azad edilmiş Ağdama yola düşürsünüz” ismarışı ilə başladı hər şey. Bütün gecə oyaq qalıb, sabah bizi gözləyən günə hazırlaşdıq, elə gecə ilə də yol aldıq azad Ağdama. İlk dəfə bu torpaqlara gedəcəkdik. Baxmayaraq ki, 4 ildir bu yerlər azadlığına qovuşub. Bizim ora qovuşma şansımız da elə bu günə qismət imiş. Şəkillərdən Ağdamın ağ, bəxtəvər gününü də görmüşdük, məhv edilmiş zamanlarını da. Bu dəfə gözlərimizlə şahid olduq. Hər dağılmış binada bir azərbaycanlının xatirələrinin olduğu, ömrünün keçdiyi, bu yerlərin bir zamanlar “cıvıl-cıvıl” olması düşüncəsi gördüyümüz dəhşətli dağıntılardan da çox məyus edir insanı.

 

“Gör, burada yaşamış insanlar bu görüntü qarşısında hansı hissləri keçiriblər, necə yanıb-yaxınıblar” deyirəm. "Ölü şəhər" də bu sözlərimlə razılaşır sanki. Sonra – Ağdamın içlərinə irəlilədikcə vəziyyət dəyişir. Həm bizim, həm də Ağdam üçün. Bu şəhərin adına yaraşan bəyaz, müasir evlər də həyəcanlı idi bizim kimi. Böyük əmək var idi. Çalışanlar da elə ürəklə işləyirdilər, gəl, görəsən. Evlər bir-birinin ardıyca tikilir, sahiblərini gözləyir. Yol isə davam edirdi. Ağdamın sürprizləri hələ qabaqda idi. Yolun bizi hara apardığını bilirdik. Çünki, biz gedəcəyimiz yerə Prezidentin izi ilə yollanmışdıq.

Bir gün öncə Prezident İlham Əliyev azad olunmuş Ağdam şəhərinə təmir-bərpa işləri ilə yerində tanış olmaq üçün gəlmişdi.

 

Budur, açılış olan böyük Ağdam Sənaye Parkındayıq. Kim deyər ki, 4 il öncə bu yerlər xarabalıq olub? Ucu-bucağı görünməyən parkın ərazisində bir-birindən vacib zavodlar sıralanmışdı. İlk ünvanımız elə “Eel Electric”  şirkətinə məxsus zavod idi. Elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun tam müasir standartlara cavab verməsi diqqətçəkən məqam idi. Zavod direktoru burada 70 nəfər işçinin çalışacağını, onlardan 50 faizi yerli, digər faizi isə xaric mütəxəssilər olacağını qeyd etdi.

 

Bizsə parkın müasir zavodlarını gəzməyə davam etməyə başladıq. "BAFCO İnvest” şirkətinə məxsus zavoddayıq. İstənilən şəraitə davamlı ayaqqabılar hazırlanan bu zavodda. Hər şey son model idi. Burada çalışanların da ürəklə işləməsi gözümüzdən yayınmamışdı. Bunun səbəbini çox keçmədən öyrəndik. Burada çalışanların əksəriyyəti bir zamanlar Ağdamdan didərgin düşən həmyerlilərimizdir.

 

“Mən xoşbəxt ağdamlıyam ki, bu gün azad torpağımızda çörək qazanıram. İllərdir həsrətini çəkdiyimiz yerdə çalışmaq bizim – burada çalışan ağdamlıların ən böyük sevincidir. Allah bizə bunu bəxş edən ordumuzu qorusun” – deyə söhbət açır ağdamlı ayaqqabı ustası Ruslan.

 

Xanımların da ağdamlı olub olmadığını soruşanda elə fəxarətlə “Əlbəttə, ağdamlıyam” dedilər ki,  bir də gördüm başlamışam söhbətə. Dərgahova Dürdanə xanımla söhbətimiz Ağdamlı günlərdən oldu:

 

“Bax, bu zavodun yerində, elə əvvəllərdə sənayə müəssisələri var idi. Şükür ki, haqq öz yerini tapdı. Mən hər dəfə bura gələndə keçmiş Ağdamı xatırlayıram, çox əzablar çəkib bu şəhər, bu camaat. Böyük faciələrə şahidlik edib, amma şükür bu günümüzə. Torpaqlarımız tam azaddır. Ağdamın dirçəlməyində şəxsən ağdamlıların iştirak etməsi qürurverici məqamdır. Allah şəhidlərimizə rəhmət eləsin”.

 

 

Zavodun direktoru qardaş Türkiyədən olan Osman Yaylalı zavodun özəlliklərindən danışır: “Made in Azerbaijan” adı ilə istehsal olunan bu ayaqqabılar çətin şəraitlərə davamlılığı ilə seçilir və hamısı təbii dəridən hazırlanıb”.

 

Ölkəmizdə - azad torpaqlarımızda bu cür imkanların yaranması, dünyaya səs salacaq markalara sahib olması ölkəmizin, Ağdamın uğurudur. Çalışanlar arasında hələ gənc, doğulduğu gündən Ağdamı işğalda görənlər də var ki, onalardan biri də mühasib Elarizdir:

 

“Yenidən azad olunmuş torpaqlarda çalışmaq mənim üçün böyük qürurdur. Mən yurd-yuvamızı indi görürəm, uşaqlığım köçkünlüklə keçib, amma ordumuz sayəsində bu gün hər birimiz həsrətində olduğumuz torpaqlarda işləyirik, buranın dirçəlişində iştirak edirik. Bizim uşaqlığımız çətin keçsə də, gənclik illərimizdə başıdik gəzə biləcəyik”.

Ağdamdan Mərkəzi Asiya – türk qardaşlarımıza yolun uzanacağı xəbərini “Mister Dekor” şirkətinə məxsus divar kağızları istehsal edən zavodd öyrəndik. Buranın təsisçisi Əli Əliyev bildirdi ki, zavod yeni açılmasına baxmayaraq, Özbəkistan və digər Mərkəzi Asiya ölkələrindən maraq var.

 

Sənaye Parkındakı zavodları gəzdikcə, buradakı imkanları müşahidə etdikcə, artıq əmin oluruq ki, Ağdamın ağ günləri hələ qabaqdadır. Bu fikrimizə ağdamlı müsahibim “Metkons” şirkətinin əməkdaşı Akif kişi də əlindəki qaynaq işini qoyub qüvvət verdi:

 

“Buralar elə gözəl idi, insan qaynayırdı, həyat var idi. Düşmən bizi viran qoydu, amma əmin idi ki, biz bura qayıdıb gələcəyik. Gözləmədiyimiz bir şey var idi ki, o da bu böyüklükdə olan inkişaf idi. Şükürlər olsun bu günümüzə. Ağdamıların gözü aydın olsun” – deyə Akif Həsənov bildirdi.

 

Parkın valehedici aurasından ayrılaraq istiqamət alırıq tarixi İmarət saray kompleksinə. Burada olan hər bir abidə bizi uzaq və yaxın keçmişimizə aparıq. Ermənilər vandallığının miqdarının bariz nümunəsidir bu kompleks. Burada Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayı yerləşir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Saray Azərbaycan ərazisində inşa edilmiş digər xan saraylarından fərqli olaraq dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. İşğalda olmuş ərazilərdəki digər tarixi-mədəni və dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.

 

 

Səfərimiz davam edir, Ağdam məscidinin yanından ötüb keçirik. Buranın mənəvi dəyəri Ağdam üçün çox böyükdür. Mənim xatirimdə isə bu məscid Xocalı şəhidlərinin ağı meydanı kimi, ana-bacılarımızın Ağdam məscidinin həyətində üz-gözlərinə döyərək ağlaşma səhnəsi kimi qalıb. O kadrlar... "Allah bir də xalqımıza faciələr yaşatmasın" deyib İmarət stadionuna yaxınlaşırıq. Təməli qoyulan stadiona sakit nəzərlə baxdıqda yaxın illərdə buranın səs-küylü bir futbol sahəsinə çevrilməyininn şirin xəyalına dalırıq. Bu günlərimiz də əslində xəyal idi...

 

“İmarət” stadionunun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulduğunu öyrənirik Gənclər və İdman Nazirliyin rəsmisi Elmir Mehdiyevdən.

 

Bu stadion ərazisində ağdamlılar üçün park, əyləncə zonası kimi də istifadə edə biləcəyi stadionda fitnes zalı, kafe, restoran, idman malları mağazaları və digər ictimai xidmət sahələrinin yaradılması nəzərdə tutulub.

 

“Aghdam City Hotel”lə çatar-çatmaz bizi qapıdaca hotelin direktoru Murat Kodan bizi qarşıladı. “Hoş geldiniz, gazeteci kardeşlerim” deyə bizi bu mükəmməl otelə dəvət etdi, biz buranın komfortu ilə tanış etdi.

Burada öyrənmiş olduq ki, hotelin binası 5 mərtəbədən ibarətdir. Ən müasir standartlara cavab verən hotelin binasında 130 otaq vardır. Burada qonaqların zövqünü oxşayan interyer işləri görülüb. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zalları yaradılıb. Hoteldəki restoran və barlar qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını daha maraqlı keçirmələrinə geniş imkanlar açır.

 

Məmnunluqla ayrılırıq mehribancasına qarşlandığımız yerdən...

 

Qarşıda 3 böyük kənd var idi: Xıdırlı, Kəngərli, Eyvazxanbəyli. Bu üçü kəndi gəzərkən, bəmbəyaz evlərin arasında dolaşarkən həyəcandan insanın əli ayağına dolaşır. Burada uşaq gülüşlərinin, quş civiltilərinin səsinin eşidiləcəyi zamanı artıq çox az qalıb. Müasir evlər, geniş həyətlər...

 

"Xıdırlı kəndində 719 fərdi evin torpaq və bünövrə işləri, 643 fərdi evin isə hörgü işləri tamamlandığını, burada 5093 nəfərin məskunlaşdırılması planlaşdırıldığını qeyd edir Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin mətbuat katibi Leyla Sarabin.

 

Ağdam bizi elə ağuşuna aldı ki, “Prezindetin izi ilə” çıxdığımız bu yolun sonuna nə zaman gəlib çatdığımızın fərqinə belə varmadıq. Geri dönərkən arxada qoyduğumuz Ağdama nəzər salaraq ayrılırdıq. Bu günləri bizə nəsib edən Tanrıya şükr edə-edə. Bizsə, növbəti səfərimizdə sürprizlərinə hazırlasın deyə sağollaşdıq bu tarixi şəhərlə...

Chosen
102
50
modern.az

10Sources