EN

“32 ildir adıma maaş yazıb, yeyirlər!” – QALMAQAL

“Azəravtoyol” ASC-nin tabeliyində olan 38 saylı Yol İstismar MMC-nin 47 saylı Füzuli Yol İstismar İdarəsində rüşvət və qanun pozuntusu, dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.

Musavat.com-a müraciət edən Mahir Bayramov deyib ki, 1992-ci ilə kimi həmin idarədə sürücü kimi işləyib.

Hər gün işə gedib-gəlib, maaş alıb. 1-ci Qarabağ müharibəsi başladığı vaxtlarda bütün digər qarabağlılar kimi o da işindən, evindən məhrum olub. Həmin idarə də işğal olunan torpaqlarda olduğuna görə düşmən tərəfindən dağıdılıb. Bura kimi hər şey məlumdur. Lakin əsas və maraqlı məsələ burdan başlayır. Həmin illərdə düşmən tərəfindən işğal olunan bir çox yol istismar idarələri birləşdirilir və 38 saylı Yol İstismar MMC-nin 47 saylı Füzuli bazasında Yol İstismar İdarəsi yaradılır. İdarəyə isə Mədət Əlif oğlu Hacıyev rəis təyin edilir.
Mahir Bayramov bildirib ki, 32 ildir eyni vəzifədə işləyən Mədət Hacıyev elə həmin illərdən də qanunsuz fəaliyyətlərini həyata keçirməyə başlayıb:

“Dövlət əmlakı olan 100-dən artıq texnikanı satıb mənimsəyib. Dövlət tərəfindən ayrılan vəsaitləri şəxsi maraqları naminə xərcləyir. Lakin bununla da kifayətlənməyən Mədət Hacıyev işğal nəticəsində respublikanın müxtəlif rayonlarına səpələnən əməkdaşların adlarını işdə saxlayaraq adlarına maaş yazır. Həmin maaşları da özü alaraq xərcləyir. Bunun nəticəsində də milyonlarla manat dövlət vəsaitini ələ keçirir”.

Mahir Bayramov deyib ki, onun adına 150 min manatdan çox maaş yazılıb:

“Heç bir işçinin adına maaş yazılmasından bu illər ərzində xəbəri olmayıb. Əfqanıstan müharibəsi veteranıyam, təsadüfən öyrəndim ki, adıma 32 ildir dövlətdən maaş alınır. Yazılan maaşların hamısı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında öz əksini tapıb. Adına maaş yazılan və maaşı mənimsənilən işçilərin sayı onlarladır. Bu isə milyonlarla manat vəsait deməkdir”.

Mahir Bayramov məsələ ilə bağlı Mədət Hacıyevə müraciət edib:

“Mədət Hacıyev adımıza maaş yazıldığını təkzib etmir. Deyir ki, guya indiyə kimi aldığı maaşların hamısını “yuxarıya” ötürüb. “Yuxarı” dedikdə o, Füzuli rayon rəhbərliyini, yoxsa “Azəravtoyol” rəhbərliyini nəzərdə tutduğunu dəqiq deməyib. Amma görünən odur ki, Füzuli rayonunda baş verən belə böyük bir korrupsiya faktını həyata keçirmək üçün Mədət Hacıyev tək fəaliyyət göstərməyib, bu işdə ona həm idarənin digər əməkdaşları, həm də Füzuli rayonunda söz sahibi olan şəxslər yaxından yardım edib”.

Həmçinin şikayətçinin adına qanunsuz imzalar çəkilib, adına olan bank kartları bankdan götürülüb, bütün bunlardan Mahir Bayramovun 32 il ərzində xəbəri olmayıb. Deyir ki, heç latın qrafikalı əlifbanı belə bilmir, adına yazılan əmək müqavilələri, yazılan maaşlar, bank kartları və sairdən ötən ay xəbər tutub. Qeyd edir ki, Mədət Hacıyev dövlət qulluğunda olmanın son yaş həddinə çatmağına baxmayaraq hələ də eyni vəzifəsində qalmaqda davam edir:

“Yəqin ki, kimlərsə onun bu vəzifədə qalmasında maraqlıdır”.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Chosen
101
11
tribunainfo.az

10Sources