EN

Vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” olacaq

Yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim verir.

Modern.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşıma departamentinin rəhbəri Azər Fərəcov bugünkü brifinq zamanı bildirib.

“Dünya təcrübəsinə nəzər salsaq, Rusiya Dəmir Yolları yüksək tələbatlı marşrutlar üzrə dinamik qiymətqoyma strategiyasından istifadə edir, Belarusiya Dəmir Yollarında rezervasiyalar və qeyri-pik vaxtlarda endirimlər təklif olunur, Avropa ölkələrinin bir çoxunda isə biletin alındığı müddət, doluluq faizi, yer seçiminə görə qiymətlər dəyişir. Artıq ADY sərnişinləri də ölkədaxili istiqamətlərdə səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər. Qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli erkən bilet alan sərnişinləri mükafatlandırır, həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsi baxımından ADY üçün planlaşdırma imkanları yaradır”, - deyə Azər Fərəcov qeyd edib.

Onun sözlərinə görə, ADY-nin təqdim etdiyi yeniliklərdən biri də bu gündən etibarən bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsinin qurulmasıdır: “Belə ki, sərnişinlər artıq Bakı, Koroğlu, Bakıxanov, Sabunçu, Pirşağı, Sumqayıt, Goran, Gəncə, Ağstafa və Qəbələ stansiyalarında bu xidmətdən yararlanaraq gözləmə vaxtını daha səmərəli keçirə bilərlər. ADY sərnişinlərin ölkədaxili səfərlər zamanı internetdən istifadəsini asanlaşdıraraq oktyabr ayından etibarən qatarlarda ödənişsiz “Wi-Fi” şəbəkəsi istifadəyə verəcək. Səyahətboyu sərnişinlərin əlaqə və əyləncə ehtiyaclarını qarşılayan bu xidmət işgüzar əlaqələr üçün də səyahət rahatlığını və məmnuniyyətini əhəmiyyətli dərəcədə artırır. Sərnişinlər yolda olduqları müddətdə e-poçtlarını yoxlaya, müzakirələrə qoşula və təqdimat hazırlaya bilərlər. Həmçinin sərnişinlər səyahət zamanı onlayn kitabxanalara daxil ola, sevdikləri e-kitabları və bloq yazılarını oxuya bilərlər. Bu, onların səyahət müddətini daha faydalı keçirməsinə kömək edəcək. Hələ ki ödənişsiz “Wi-Fi” şəbəkəsi bir həftə test rejimində çalışacaq”.
Chosen
58
38
bakupost.az

10Sources