— Alo, alo, nənə, ay nənə sənə Xankəndidən zəng edirəm— Hardan?— Doğulub böyüdüyün, məcbur olub tərk etdiyin o şəhərdən. Sənə demişdim axı, gedəcəyik Xankəndinə. Gözün aydın. Telefonda uzun bir sükut yaranır. Nənə qulaqlarına inanır, lakin qəhər boğur deyə danışa bilmir. Bir saniyənin içində xəyallar onu illər öncəsinə aparıb. Gəlin getdiyi, üç oğlunu böyütdüyü o ocağı, ərini, oğlunu şəhid verdiyi Xankəndini dolaşır düşüncəsində. Ürəyi bənövşə yarpağı kimi titrəyir. Qırıq, kövrək səslə, qurban olum boyuna a Vüqar, əlini bizim o evin divarlarına sürt, gələndə evimin qoxusunu səndən alım.
Nəvəsi, Kapitan Vüqar Zeynallı nənəsinin arzusunu yerinə yetirdi, ona Xankəndindən bir ovuc torpaq, qədim dədə-baba ocağının şəkillərini çəkib gətirdi. Lap bu yaxınlarda isə, Gülay nənə böyük həyəcan və sevinclə illərlə qoxusunu küləklərdən aldığı, həsrətini çəkdiyi yurd yerinə qovuşdu, doğma Xankəndi qarış-qarış gəzdi. İndi yır-yığış edib, geriyə bir dəfəlik dönəcəyi o gözəl günü gözləyir. Geriyə gedəcək növbəti köç günü isə çox yaxındadır.
***
2023-cü il 19-20 sentyabrda Azərbaycanın tarixində daha bir şanlı səhifə yazıldı. Uğurla həyata keçirilən bu hərbi əməliyyat nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu. Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun son tör-töküntüləri məhv edildi. 44 günlük müharibədə işğalda olan torpaqlarımızın böyük bir hissəsi azad edilsə də, separatçılığın mərkəzi fəaliyyətdə idi. Ötən üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyur, qəbul etdiyi öhdəlikləri yerinə yetirmir, revanşist iddiaları səsləndirməkdə davam edirdi. Bölgədə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, qondarma rejimin buraxılması idi. Azərbaycan tərəfi dəfələrlə müxtəlif bəyanatlar vermiş, separatçılıq davam edərsə “dəmir yumruğ”un yenidən qalxacağını bildirmişdi. 19 sentyabrdan öncə həyata keçirilmiş “Fərrux”, “Qisas” hərbi əməliyyatları düşmənə yetərli olmadı.
Azərbaycanın humanizm göstərərək düşmənə verdiyi yol — “Laçın” koridoru ermənilərin yeni xain planlarına xidmət üçün istifadə olunurdu. Rus sülhməramlılarının gözü baxa-baxa, çox zaman da himayəsi ilə Qarabağa iriçaplı silah sursat daşınırdı. Bunu belə qoymaq olmazdı.
Düşmənin törətdiyi növəti təxribat səbrimizi daşıran son damla oldu. Sentyabrın 19-u günün birinci yarısında Qarabağda dördü polis əməkdaşı, ikisi mülki şəxs olmaqla altı nəfər Xocavənddə eyni istiqamətdə mina partlaması nəticəsində həlak olduqdan sonra Azərbaycan bunu «terror aktı» adlandıraraq elə həmin gün hərbi əməliyyatlara başladı.
Azərbaycan lokal antiterror əməliyyatı keçirərək şər yuvasını bir dəfəlik məhv etdi. 24 saat çəkən «antiterror əməliyyatları» Qarabağdakı separatçı hakimiyyətin təslim olmasından sonra dayandırıldı. Xüsusilə qeyd etmək istərdik ki, əməliyyat zamanı yalnız hərbi infrastruktur hədəfə alındı, Xankəndi dağıntı olmadan düşməndən təmizləndi.
Düşmən ordumuzun qarşısında cəmi 23 saat 43 dəqiqə duruş gətirə bildi. Uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu. Bu əməliyyatlar itkisiz ötüşmədi. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, döyüşlərdə 180 hərbiçimiz şəhid oldu, 500 nəfər yaralandı.
***
Antiterror əməliyyatlarında iştirak etmiş qəhrəman zabit, nənəsini müjdəli xəbərlə göz yaşlarına boğan kapitan Vüqar Zeynallı ilə söhbət edirik:Mən babamı da, atamı da I Qarabağ müharibəsində itirmişəm. Onların hər ikisi könüllü şəkildə Qarabağın azad edilməsi uğrunda döyüşlərdə iştirak edib və həlak olublar. Mən və kiçik qardaşım anam və nənəmlə Bərdə rayonuna köçmüşdük. Günlərlə anamın, nənəmin qapı önündən çəkilməyrək, doğmalarımız barədə xəbər gözlədiyini xatırlayıram. Nə evimizdən didərgin düşməyimiz, nə çadırlarda yaşadığımız çətin günlər, nə ac-susuzluğumuz məni anamın, nənəmin tökdükləri o göz yaşları, atam və babam üçün çəkdikləri nalələr qədər acı deyildi. Bir həftə içində ikisinin ölüm xəbərini aldıq. Yara üstünə yara aldıq. Balaca uşaq idim onda. Yumruğumu düyünləyib, öz-özümə söz verdiyim yadıma gəlir. Bunun intiqamını alacağam. Orta məktəbi bitirən kimi heç düşünmədən sənədlərimi Hərbi Akademiyaya verdim. Mən də, qardaşım da intiqam, qisas duyğuları ilə böyümüşdük. 44 günlük müharibədə də iştirak etmişəm. Xankəndinə girə bilməmək içimdə bir qara düyün kimi qalmışdı. Bilirdim ki, Ali baş Komandan nə etdiyini bilir, mütləq bir planı var. Amma içimdəki fırtınanı dindirə bilmirdim. Antiterror əməliyyatı ilə sanki yanğınıma su tökdülər.
24 saatdan az müddətdə düşmənin tam məğlub edilməsi və minimum itkilərlə sona çatan bu əməliyyatı dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq. İllərlə alnımızda damğa, ürəyimizdə sağalmaz yara olan Qarabağın işğalı, II Qarabağ müharibəsi ilə fərqli bir ad altında tarixə düşdü. Dünya Azərbaycan oğullarının, Azərbaycan əsgərinin şücaətinin, Ali baş Komandanın dərin, strateji zəkasının şahidi oldu. Qarabağda əldə etdiyimiz hərbi nailiyyət gələcəkdə inanılması çətin olan nağıl, əfsanə kimi nəsildən-nəslə ötürüləcək. Bizim əsgər bu nağılı reallaşdırdı, inanılmazı bacardı.
44 günlük müharibədə işğal altında olan torpaqlarımızın böyük bir qismi azad olunmuşdu. Lakin bu tarixi missiyanın tam yekunlaşması məhz antiterror tədbirləri ilə baş tutdu. Fəxr edirəm ki, bu böyük qələbədə mənim də iştirakım olub, vətən uğrunda döyüşmüşəm”
***
Antiterror əməliyyatlarında iştirak etmiş keçmiş əsgər Şükür Şükürlü:
“Hərbi xidmətə gedəndə 44 günlük müharibə başa çatmışdı. Amma mən müharibə haqqında danışan qazi, veteran qardaşlarımızı dinlədikcə arzu edirdim ki, kaş mənə də döyüşmək qismət olaydı. 24 saatdan az davam edən bu əməliyyatda iştirakçı olmaq mənə fəxr, qürur verdi. Özümü əsl kişi kimi hiss etdim. Hiss etdim ki, vətənimin bütövlüyü naminə mən də nəsə etmişəm. Bəlkə deyəcəm inanmayacaqsınız, amma yaralandığımda yerə axan qanımı görəndə gülmüşdüm. Döyüş dostlarım, “dəlisən, nəyə gülürsən?” deyəndə “qanım bu torpağa düşdü, ot olub, çinar olub bitəcək” demişdim. Döyüşlər ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Düşmən ağ bayraq qaldırdı. Qarabağdakı xunta rejimi məhv oldu. Dinən kimi bizi hədələyən separatçılar qolubağlı Bakıya gətirildilər, önümüzdə baş əydilər. Mən illər boyu ətrafımdakı hər kəsdən Qarabağ dərdi sözünü eşitmişdim. Mənim kimi bütün həmyaşıdlarım, Azərbaycan gəncləri torpaq sevdalısı, Qarabağ dəlisi kimi böyümüşdük. Bunu II Qarabağ müharibəsində də, antiterror əməliyyatlarında da sübut etdik. İgidlərimiz can verdilər. Can verdilər ki, Vətən sağ olsun. Qarabağda tökülmüş bir damla qanımla fəxr edirəm, lazım olarsa yenə gedərəm, sona qədər döyüşərəm”.
Nə qədər ki, Azərbaycanın torpaq uğrunda ölümə üzündə qürurla gedəcək oğulları var, düşmənlərin planları alt-üst olacaq. Azərbaycan Qarabağı təkcə ermənilərin yox, mənfur imperialist qüvvələrin caynağından çəkib aldı.
Min əziyyətlə əldə edilmiş bu qələbə bizim sərvətimizdir. Bundan sonra min il keçsə də, Azərbaycan ailəsində ağlı kəsən hər uşaq “Qarabağ Azərbaycandır!” deyəcək.
İlhamə HƏKİMOĞLU