EN

"COP29 qlobal sülh və iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsət olacaq"

Image

"İqlim dəyişikliyi, dağıdıcı münaqişələr, geosiyasi gərginliklər və artan bərabərsizlik kimi presedentsiz çağırışlarla qarşı-qarşıya qalan dünya həlledici yolayrıcındadır. Bu kritik dönəmdə “Gələcəyin Sammiti” aktual çağırışların həll olunması, uçurumların aradan qaldırılması və çoxtərəfli sistemin bir vahid şəklində irəlilədiyini nümayiş etdirmək üçün bir fürsətdir."

Bu açıqlama ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində reallaşan “Gələcəyin Sammiti”ndə çıxışında deyib.

Nazir bildirib ki, Azərbaycan özü beynəlxalq hüququn, o cümlədən humanitar hüququn pozulmasının ən faciəvi nəticələrini yaşayıb və BMT Nizamnaməsinin, habelə əsas orqanlarının çoxsaylı qətnamələrinin icra edilməməsi ədalətsizliyi ilə üzləşib. Məhz bu səbəbdən Azərbaycan beynəlxalq hüquqa ciddi riayət edilməsi və beynəlxalq normaların aşınmasının dayandırılması baxımından bu Sammitin ideyasını tam anlayır. Nizamnamə və eləcə də orada əksini tapan bütün alətlər və mexanizmlər heç bir ikili standartlar, siyasi, coğrafi və ya hər hansı üstünlüklər olmadan qeyd-şərtsiz tətbiq edilməlidir.

“Biz Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) cəmi 17%-nin yerinə yetirildiyi Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə aparan yolun tən yarısında görüşürük. İrəliləyişə nail olmaq üçün siyasi öhdəliklərimizi həlledici fəaliyyətə çevirməyə təcili ehtiyac var. Azərbaycan bu baxımdan DİM-lər üzrə irəliləyişi gücləndirmək üçün Baş katibin səylərini tam dəstəkləyir və 75-ci Yubiley Bəyannaməsindəki öhdəliklərə sadiq qalır. Biz milli səviyyədə 17 məqsəd, 88 hədəf və 119 göstəricini prioritetləşdirməklə irəliləyişə nail olmaqla digərlərinə nümunə göstəririk. Buna vətəndaş cəmiyyəti, biznes ictimaiyyəti, qadınlar, gənclər və digər əsas maraqlı tərəfləri əhatə edən əməkdaşlıq və inklüziv proses vasitəsilə nail olunub.

Ərazilərimizin işğaldan azad edilməsi DİM-lərə nail olunması baxımından da yeni səhifə açıb. Hökumət DİM-lərin həyata keçirilməsinin bütün aspektlərini əhatə edən on milyardlarla ABŞ dolları dəyərində genişmiqyaslı yenidənqurma və bərpa səylərinə başlayıb.

Bundan əlavə, Azərbaycan DİM18, mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər üzrə milli məqsədi təqdim edib. Təcili humanitar ehtiyacların həlli, yaşayış vasitələrinin bərpası və icmaların canlandırılmasında minalardan təmizlənmənin həlledici olduğunu nəzərə alaraq, daha böyük beynəlxalq dəstəyə və həmrəyliyə çağırırıq.

Biz, həmçinin 2030 Gündəliyi üzrə dörd Könüllü Milli Hesabat təqdim edən regionumuzda birinci ölkə olmaqla, bütün dünyada azsaylı ölkələr sırasındayıq. 2024-cü il Dayanıqlı İnkişaf Hesabatında Azərbaycan dünya ölkələrinin üçdə ikisindən irəlidədir”, - deyə nazir qeyd edib.

Nazirin sözlərinə görə, Azərbaycan BMT Nizamnaməsi tərəfindən qorunan suverenlik və ərazi bütövlüyü hüquqlarını bərpa edərək yeni dövrə qədəm qoyub: “Azərbaycan gücdən istifadənin qanunsuzluğuna son qoymaqla Ermənistanla tam şəkildə bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsinə əsaslanan postmünaqişə normallaşma gündəliyinin təməlini qoyub.

Mətləb Salahov





Chosen
32
5
baki-xeber.com

4Sources