EN

Siyasi partiyalarımız artıq Milli Məclisdədir

Sentyabrın 23-də 7-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi və bununla da yeni parlament rəsmi olaraq öz fəaliyyətinə başlamış hesab olunur. Əlbəttə ki, bu gözəl məmləkətin hər bir vətəndaşı kimi biz də yeni parlamentə yalnız uğurlar arzu edə bilərik. Bəli, gözləntilər böyükdür və bu gözləntilər heç də səbəbsiz deyil. Artıq hər birimiz Qalib xalqın nümayəndəsiyik və beynəlxalq münasibətlər sistemində ölkəmizin artan statusu da qeyd etdiyimiz gözləntiləri təbii olaraq artırır. Elə məhz buna görə də ehtimal edə bilərik ki, yeni parlamentin fəaliyyəti daim ictimai diqqətin mərkəzində olacaqdır.

Mövcud istiqamətdə xarici ölkələrin təcrübəsini nəzərə alaraq deyə bilərik ki, mətbuatda yeni parlamentin ilk aylardakı fəaliyyəti seçkilər zamanı aparılmış təbliğat-təşviqat kampaniyalarının bir növ davamı kimi təsvir olunacaqdır. Yəni, təşviqat dövründə yaşanmış bəzi qalmaqalları Milli Məclisin salonuna da dartıb gətirmək cəhdləri ola bilər. Sözsüz ki, sözügedən təzahürdə təbii inersiyanın da payı var. Ancaq bu mərhələdə də qərəzli manipulyasiyaların davam etdirilə biləcəyini unutmaq olmaz.

Sirr deyil ki, hər bir manipulyasiyanın strateji hədəfi həqiqətlərin gizlədilməsidir. Məhz həqiqətlərin gizlədilməsi nəticəsində reallıq təhrif olunur və cəmiyyətdə yanlış sosial-siyasi stereotiplər formalaşdırılır. Odur ki, müxtəlif siyasi hadisələrlə bağlı adekvat və obyektiv qiymət vermək haqqımızı qorumaq naminə hər bir manipulyasiya cəhdi mütləq olaraq ifşa olunmalıdır. Sözügedən məsələdə isə siyasi maarifləndirmə işi müstəsna əhəmiyyətə malikdir.

Yeni parlament kontekstində, bu kiçik yazıda bir əlamətdar məsələyə diqqət yetirək. Yeni parlamentdə partiya mənsubiyyəti olan 81 seçilmiş deputat var. Yəni, deputatların təqribən 65%-nin partiya mənsubiyyəti var. Razılaşın ki, sözügedən fakt ölkəmizdə siyasi partiyaların inkişafı və populyarlaşdırılması üçün önəmli stimuldur. Əlbəttə ki, qeyd olunan məsələni vurğulayan zaman biz konkret ad və simaları nəzərdə tutmamalıyıq, burada söhbət partiyaların siyasi institut kimi inkişafından gedir. Parlament seçkilərinin nəticələri bizlərə onu da göstərdi ki, seçki sisteminin növündən asılı olmayaraq siyasi partiya, eyni zamanda Milli Məclisə düşmək vasitələrindən biridir. Ehtimal edə bilərik ki, siyasi partiyalar özlərini cəmiyyətdə məhz bu cür tanıtdırsalar, onlara olan maraq əsaslı şəkildə artacaqdır. Bəli, bu uzun və davamlı prosesdir, ancaq bu proses demokratik münasibətlərin təkamül yolu ilə inkişafının təzahürüdür.

Belə ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən yeni Milli Məclisdə 11 siyasi partiya təmsil olunur. Yəni, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların təqribən yarısı Milli Məclisdə təmsil olunur. Qeyd olunan statistika bilavasitə siyasi plüralizmin göstəricisidir. Hər hansı bir digər dövlətin parlamenti bu cür göstəricilərə sahib olsa idi, bizim demaqoqlarımız çoxdan həmin parlamenti Azərbaycan ictimaiyyətinə demokratiyanın parlaq nümunəsi kimi “sırıyardılar”.

Chosen
75
6
aznews.az

7Sources