EN

BMT “hərəkətsiz” quruma çevrilir?

Dünyada qlobal problemlərin həlli üçün effektiv struktur tələb olunur

Birləşmiş Millətlər Təşkilatının (BMT) strukturlarında islahatların aparılması məsələsi uzun müddətdir ki, dünya ölkələrinin gündəmindədir. Xüsusilə, beynəlxalq müstəvidə mövcud qlobal problemlər  BMT Təhlükəsizlik Şurasında yeniliklərin edilməsini ciddi zərurətə çevirib. Bu zərurət BMT Baş Assambleyasının 79-cu sessiyası zamanı bir daha vurğulanıb. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sessiyada çıxışı zamanı bildirib ki, BMT son illərdə missiyasını yerinə yetirməkdə çətinlik çəkir. Onun fikrincə, BMT getdikcə daha passiv, hərəkətsiz bir quruma çevrilir. Ərdoğan söyləyib ki, müxtəlif regionlarda baş verən hadisələr də bunu göstərir.

Hakan Fidan: BMT-də qütbləşmənin qarşısını almaq üçün yollar hazırlanmalıdır

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə 79-cu sessiya çərçivəsində təşkil olunan “Gələcəyin zirvəsi” adlı iclasda deyib ki, BMT artan təhlükələrə qarşı liderlik nümayiş etdirə bilmir. Qlobal problemlərin ümumi həlli üçün effektiv struktur tələb olunur. Beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin “tarixi sınaqdan” keçdiyini qeyd edən Fidan onların böhran və münaqişələrə həll yolu tapmaq imkanlarının azaldığını vurğulayıb: “Qlobal problemlərin ortaq həlli üçün effektiv struktura ehtiyac var. Bu strukturun daha əhatəli və çoxtərəfli olması zəruridir. BMT-də və xüsusilə BMT Təhlükəsizlik Şurasında əhatəli islahatlara ehtiyac var. BMT-də qərarvermə mexanizmləri daha demokratikləşdirilməli və qütbləşmənin qarşısını almaq üçün yollar hazırlanmalıdır. Beynəlxalq sülh və təhlükəsizliyi məhdud sayda ölkələrin “imtiyazlı qrup”unun əlinə vermək olmaz”. Nazir çıxışı zamanı qlobal bərabərsizlik və ədalətsizliyin artdığına, bunların isə islamofobiya və ksenofobiyaya yol açdığına diqqət çəkib.

Məlumdur ki, BMT Təhlükəsizlik Şurası 1945-ci ildə yaradılıb. Quruma beş daimi üzv - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və 10 qeyri-daimi üzv daxildir. Ümumiyyətlə, BMT daxilində islahatlardan və təşkilatın beynəlxalq hadisələrə, proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən bir sıra məqamlara nəzər salmaq lazımdır. Bunlar, ilk növbədə, BMT Nizamnaməsində və Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklərin edilməsidir. Qeyd etdiyimiz kimi, ötən dövr ərzində dünyada  baş verən hadisələr BMT-də islahatların zəruri olduğunu bir daha  təsdiqləyir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də, Təhlükəsizlik Şurasında yer alan daimi üzvlər istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Onlar veto hüququndan istifadə edərək subyektiv şəkildə öz maraqlarına uyğun olmayan məsələlərin qəbulunu əngəlləyirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin  rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Yuqoslaviya, Liviya və digər presedentlər mövcuddur.

BMT Təhlükəsizlik Şurasının keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin 27 il ərzində yerinə yetirilmədiyi halda bir sıra  münaqişə və böhranlarla bağlı qəbul edilən qətnamələrin icrasında çeviklik müşahidə olundu. Belə nümunələrin olmasına baxmayaraq, Azərbaycan uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Söhbət ölkəmizin 30 ilə yaxın işğal altında qalmış ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə əlaqədar təşkilat tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin yerinə yetirilməməsindən gedir. Əlbəttə ki, bu fakt  Birləşmiş Millətlər Təşkilatının nüfuzuna, reputasiyasına zərbə, beynəlxalq hüquq normalarına hörmətsizlik, laqeydlik və etinasızlıq idi. Azərbaycan bu ədalətsizliyi öz gücü ilə aradan qaldırdı, 2020-ci ildə hərbi-siyasi resursları vasitəsilə münaqişəni həll etməklə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi. Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin Azərbaycanın özü tərəfindən icra olunması BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.

“Dünya beşdən böyükdür” çağırışına Azərbaycandan dəstək

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifi ilə ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. BMT Baş Assambleyasının tribunasından “Dünya beşdən böyükdür!”, - deyən Ərdoğan bu yöndə təşəbbüslərini müxtəlif platformalarda da səsləndirib. Türkiyə Prezidentinin fikrincə, BMT Təhlükəsizlik Şurasının inklüziv islahatı təcili ehtiyacdır. “Beş ölkə arasında bəşəriyyətin taleyini tələyə salan hazırkı nizam davamlı deyil”, - deyə Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Nəzərə almaq lazımdır ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə  uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsini təklif edib. Dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan ölkələrin də bu qurumda daimi təmsilçiliyinin vacibliyini vurğulayıb. Ötən ilin yanvar ayında Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin ölkəmizə baş tutan səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında Prezident İlham Əliyev deyib: “Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar”.

BMT Təhlükəsizlik Şurasında necə dəyişiklik etmək olar?

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin işlənməsində,  konfliktlərin həllində beynəlxalq hüquq, regional və qlobal təhlükəsizliyin prioritetləri meyar olaraq götürülməli, mövcud münaqişələrin qarşısının alınması və ya daha da alovlanmasının qarşısının alınması üçün çevik mexanizmlər işlənilməlidir. Bu qabaqlayıcı mexanizmlərin işlənməsi beynəlxalq hüquq, regional və qlobal  təhlükəsizlik aspektləri və münaqişələrin  həlli yolları nəzərə alınmaqla müəyyənləşməlidir.

Ümumilikdə, bu qurumda hansı halda dəyişiklik aparmaq, islahatlar həyata keçirmək mümkündür?

Beynəlxalq ekspertlərin də dediyi kimi, bunun üçün  BMT Nizamnaməsinə dəyişikliklərin edilməsi lazımdır. Nizamnaməyə dəyişikliklər  BMT Baş Assambleyası tərəfindən qəbul olunur. Amma bunun üçün üçdə iki səs çoxluğu tələb edilir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Baş Assambleyada qəbul olunmuş dəyişiklikləri Təhlükəsizlik Şurası təsdiq etməlidir. Bu o deməkdir ki, əgər Baş Assambleya Təhlükəsizlik Şurası və onun üzvləri ilə bağlı Nizamnaməyə dəyişikliklər edərsə, buna qurumun daimi üzvləri də səs verməlidir.  Əslində, Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılması ilə bağlı hansısa dəyişiklik mümkün görünə bilər. Amma veto hüququndan istifadənin ləğv edilməsi və hansısa daimi üzvün təşkilatdan xaric edilməsi real deyil. Çünki həmin dövlətin özünə qarşı qərarı qəbul edəcəyi inandırıcı deyil.

Artıq dünyanın bir çox dövlətləri BMT-də islahatların aparılmasının zəruriliyini açıq şəkildə vurğulayırlar. Çünki BMT-nin dünyada nüfuzunu qorumaq naminə islahatların alternativi yoxdur.

Nardar BAYRAMLI

Chosen
63
41
yeniazerbaycan.com

10Sources