EN

General: Azərbaycana qarşı münasibət Qərbin istismarçı zehniyyətinin növbəti tərənnümüdür

General:

İstanbul, 27 sentyabr, Günel Karatepe, AZƏRTAC

Son günlər başda Fransa olmaqla, bəzi Qərb dairələrin Azərbaycana qarşı çıxışlarını fəallaşdırmasının bizi təəccübləndirdiyini desək yalan olar. Bu gün Azərbaycana qarşı olan bu münasibət artıq yüz illərdir ki, bir sıra dövlətləri və ölkələri istismar edən, o bölgələrdə söz sahibi olmağa alışmış Qərbin bir sıra imperialist qüvvələrinin zehniyyətinin növbəti tərənnümüdür. Birinci və İkinci Dünya müharibələrinin qalibləri son yüz il ərzində dünyanı özlərinə uyğun nizam üzərində qurublar. Elə Fransanın G7, G20 və BMT Baş Assambleyasının daimi üzvü olmasının əsas səbəbi də imperialist, istismarçı bir dövlət olmasıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, general Yücel Karauz ifadə edib.

“Fransa bu gün demək olar ki, dünyanın bir çox bölgəsində arzuolunmazlar siyahısına daxil edilib. Bu da onu yaratdığı vəziyyətdən çıxış yolu axtarmağa vadar edir ki, o da bu yolu Qafqazda, xüsusilə Türk coğrafiyasında tapmağa çalışır. Fransanın liderlik etdiyi bəzi Qərb dairələr Qafqazda sülhün, sabitliyin və inkişafın əleyhinədirlər. Onların istəyi Qafqazda söz sahibi olmaqdır. Əvvəllər onlar bunu NATO vasitəsilə həyata keçirmək istədilər, lakin planları alınmadı. İndi isə qurulduğu gündən bəri Qərbin, bəzən də başqa ölkələrin oyuncağı olan Ermənistandan istifadə etmək istəyirlər. Onların əsas məqsədi Qafqazdakı vəziyyəti qarışıq hala gətirərək bölgədəki sülh və sabitlik nizamını pozmaqdır. Bu səbəbdən də mövzuya sadəcə Azərbaycan-Ermənistan tərəfindən baxmaq düzgün deyil. Rəsmə geniş baxsaq, əslində Qərbin imperialist dairələrinin bu münasibətinin sadəcə Azərbaycana qarşı deyil, eyni zamanda, Türkiyə, Rusiya və İranı da fərqli bölgələrdən təzyiq altına salmaq hədəfi daşıdığını görərik. Yəni, bu münasibət böyük bir siyasətin Azərbaycana düşən hissəsidir”, - deyə general bildirib.

Artıq nə Azərbaycanın, nə də Türkiyənin keçmişdəki kimi olmadığını deyən Yücel Karauz əlavə edib: “Prezident İlham Əliyevin də dediyi kimi, bugünkü Azərbaycana heç kim barmaq sallaya bilməz. Heç kim də Azərbaycanın səbrini, səmimiyyətini və xoş münasibətini sınamasın. Bu səbri sınayanların səslərinin 2020-ci ildə başlarına aldıqları dəmir yumruqla necə batdığını hər birimiz gördük. Bu gün Azərbaycan hökuməti təkcə ölkəsi və bölgə üçün deyil, həm də dünyanın gələcəyi, sülh və sabitlik üçün də bir çox işlər görür. Lakin, bu, dəmir yumruğun bu gün də havada olmadığı mənasına gəlmir. Məncə məsələyə elə bu tərəfdən baxmaq daha doğru olardı. Çünki 2020-ci ildə həyata keçirilən, dünya hərb tarixinin ən müzəffər və ən qısa savaşlarında olan, eləcə də Türk dünyasının qürur mənbəyi kimi tarixə yazılan 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən şanlı Zəfər yeni dövrün başlanğıcını da qoydu. Hər kəs bu reallıqla razılaşmalı, vəziyyətə bu aspektdən baxmalıdır. Bununla razılaşmayanlar da necə deyərlər “özü bilər”. Bu reallıq qarşısında Qərbin fərqli çıxışları qəbuledilməzdir. Bu gün Azərbaycanı Ermənistana qarşı “təzyiq göstərən” tərəf olaraq qələmə vermək səyləri onların niyyətlərini tam mənası ilə ortaya qoyur. Lakin, bu gün Azərbaycan öz lideri, qurulduğu təməlləri, xalqın Vətən və dövlətinə olan sevgisi, eləcə də müzəffər Ordusu ilə dünya miqyasında söz sahibinə malik və onların qurduqları bütün yalanlar qarşısında dayanmaq qüdrətinə sahib bir ölkədir”.

Chosen
44
28
azertag.az

10Sources