Yayımlandı: 27 Sentyabr 2024 16:49 Kliniki Tibbi Mərkəz xəstənin vəziyyətinin orta-ağır olduğunu deyir Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində yanğın baş verdiyi bildirilir. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılaraq, tam söndürülüb. 3500 kvadratmetr ərazini əhatə edən boya sexinin ərazisində baş verən yanğın zamanı boya çənləri, qatqı materialları, plastik qablar yanıb. APA xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) xidmət rəisinin müavini Taleh Babayev deyib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib. Əlavə olunub ki, indiyədək hadisə ilə əlaqədar olaraq təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb. Kliniki Tibbi Mərkəzdən isə bildirilib ki, yanğın hadisəsi nəticəsində bir nəfər (qadın) şəxs tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub “Xəstəyə zəruri ilkin tibbi yardım xidmətləri göstərilir. Vəziyyəti orta-ağırdır”, – deyə məlumatda qeyd olunub. Meydan TV