EN

Livana yeni şans

İsrailin ardıcıl raket zərbələriylə “Hizbullah” terror təşkilatı liderinin və təşkilatın əsas komandirlərinin bir çoxunu öldürməsinin əsas məqsədi sərhəddə təhlükəsizliyin təminatıdır. İsrailin terror təşkilatına öldürücü zərbələr endirməsinin başqa məqsədi də var. İsrail “Hizbullah”ı zəiflətməklə Livan hökumətinin və ordusunun ölkəyə nəzarəti gücləndirməsini istəyir.

Terror təşkilatı Livanın cənubunda fəaliyyət göstərməklə yanaşı paytaxt Beyrutda da siyasi qərarlara təsir gücünə malikdir. 2000-ci illərin əvvəllərində jurnalist kimi Beyrutda olanda bunu özüm də müşahidə etmişdim. Həmin il həm Livanın o zamankı prezidentindən, həm də İsrailin raket zərbəsi nəticəsində ölümü təsdiqlənən “Hizbullah” lideri Həsən Nəsrullaha suallar vermək imkanına malik olmuşdum. Nəsrullahın iqamətgahı ölkə prezidentinin iqamətgahından daha ciddi qorunur, ətrafındakı silahlılarının sayı prezidentin cangüdənlərinin sayından daha çox idi. Livan hökumətinə maliyyə dəstəyi verən bir çox dövlət “Hizbullah” təşkilatının tərksilah olunmasını tələb etsə də, bunu reallaşdırmaq mümkün deyildi. Əks halda ölkədə vətəndaş müharibəsi başlayardı. “Hizbullah” Livan prezidentinin, baş və müdafiə nazirlərinin qərarlarına tabe deyil. Terrorçulara silah və maliyyə davamlı olaraq İrandan göndərilir. “Hizbullah” bu dəstək sayəsində ayaqda qala bilir. Livanın iqtisadi və sosial vəziyyətinin ağırlaşmasının “Hizbullah” komandirlərinə çox təsiri yox idi, çünki onların maaşı kənardan gəlirdi. İndi vəziyyət dəyişəcək. İsrail “Hizbullah”ı başsız qoymaqla Livan hökumətinə və ordusuna ölkənin hər yerinə nəzarəti bərpa etmək şansı yaratmaq istəyir. Belə olarsa, Livan ərazisindən İsrailin şimal bölgəsi raket atəşinə məruz qalmayacaq. “Hizbullah”dan fərqli olaraq Livan hakimiyyətinə qonşusu İsraillə sərhəddə gərginlik lazım deyil.

Tehran da ciddi sınaqla üzləşəcək. İsrail həm “HƏMAS”, həm də “Hizbullah”ı başsız qoyub, bu iki qruplaşmanı zəiflədib. Tehran isə illərdir bu iki təşkilatı silahlandırıb. Buna milyardlarla dollar xərclənib, halbuki, bu maliyyə vəsaiti İran vətəndaşlarının iqtisadi və sosial problemlərinin həllinə yönəldilə bilərdi. İranın yeni Prezidenti Məsud Pezeşkian “HƏMAS” və “Hizbullah”ın zəiflədiyini əsas gətirərək bu iki təşkilata ünvanlanan maliyyənin ölkənin problemlərinə yönəldilməsinə mühafizəkarları inandırmağa çalışa bilər. Bu halda Pezeşkian ABŞ və Avropa ölkələri ilə əməkdaşlığa da ümid bəsləyə bilər. Çünki, İrana qarşı tətbiq edilən sanksiyalar həm də Tehranın İrandan kənardakı silahlı qruplara verdiyi dəstəklə bağlıdır. Bütün hallarda son qərar İranın ali dini liderindən asılıdır.

Chosen
188
5
vaxt.az

10Sources