EN

Beyləqanda valideyn övladını məktəbə göndərməyə qorxur

Yayımlandı: 30 Sentyabr 2024 16:20 “Sinif yoldaşlarından biri məktəbə daim bıçaq gətirir” Beyləqan rayonunun Birinci Şahsevən kəndində yaşayan Ruslan İbişov oğlunun həyatının təhlükədə olduğunu deyir. Bildirir ki, övladı Y. İbişzadə kənddəki Əli Rüstəmov adına 2 saylı tam orta məktəbin 9-cu sinfində təhsil alır. Sinif yoldaşlarından biri məktəbə daim bıçaq gətirir və anasının həmin məktəbdə müəllim işləməsindən istifadə edərək uşaqları qorxu içərisində saxlayır. “Sentyabrın 17-də həmin uşaq oğlumla mübahisə edib. Onlar arasında dəfələrlə mübahisə baş verib. Sonuncu mübahisədə övladımı bıçaqla vurmağa çalışıb. Oğlum özünü müdafiə edərək qaçmağa müvəffəq olub”,– şikayətçi deyib. Bildirib ki,  həmin yeniyetmə müəllim övladı olsa da, kriminal aləmə meyillidir və bunu təsdiqləyən görüntülər də var: “Uşaq məktəbə bıçaq gətirir, bundan müəllimlərin və direktorun da xəbəri var. Sonuncu mübahisədə oğlumu bıçaqla yaralamaq istədiyindən məktəbə gedərək etirazımı bildirdim. Bununla bağlı 102 xidmətinə də müraciət etmişəm. Uşağın məktəbə bıçaq gətirməsi hər an təhlükənin baş verməsinə səbəb ola bilər. Təəssüf ki, bunu nəzərə alan yoxdur”. Valideyn deyib ki, məktəb tamamilə nəzarətsiz və baxımsız qalıb: “Məktəb baxımsızdır, qışboyu odun alırıq, qışda sinif otaqları odunla güclə qızdırılır. Uşaqlarımızın təhsildən yayınmaması üçün məcburiyyət qarşısında məktəbə göndəririk. Məktəbin nə hasarı var, nə də mühafizə olunur. Biz övladımızı təhsil almaq üçün göndəririk, amma orada həyatları təhlükədə qalır. İmkanlı şəxsin övladıdır deyə biz qorxu içərisində yaşamaq məcburiyyətindəyik”. Şikayətçi deyib ki, yeniyetmə müəllim övladı olduğundan digər müəllimlər, direktorlar onu müdafiə edir. Hadisə günü baş verənlərin kamera görüntüləri silinib. Polis idarəsindən isə ona hadisənin baş verdiyini sübut etməsini istəyiblər. Bildirib ki, digər uşaqlar da kənardan dediklərini təsdiqləyirlər. “Hələlik oğluma heç bir xəsarət yetirə bilməsə də, gələcəkdə aralarında münaqişə olmayacağına heç kim zəmanət vermir. Bu uşağın üstündə daim bıçaq olur. Müəllimlər bıçaq aşkarlayanda anasına verirlər, uşaq yenə də götürüb gəlir”,-valideyn qeyd edib. Meydan TV sözügedən müəllim-valideyn ilə danışa bilməyib. Məktəbdən isə sualı təhsil idarəsinə yönləndiriblər. Mil -Muğan Regional Təhsil İdarəsindən Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsi və tədris prosesi ilə yanaşı, sağlamlığı və təhlükəsizliyi də vacib şərtlərdəndir. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, həmçinin təhsildə fasiləsizliyin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə daxil olan müraciətlər araşdırılır və müvafiq addımlar atılır. “Beyləqan rayonu Birinci Şahsevən kəndi, Əli Rüstəmov adına 2 saylı məktəbin 9-cu sinif şagirdinin təhsil ocağına bıçaqla gəldiyi, uşaqları qorxu altında saxladığına dair yayılmış iddialarla bağlı bildiririk ki, bununla bağlı adıçəkilən məktəbə və Mil-Muğan Regional Təhsil İdarəsinə heç bir şikayət daxil olmayıb”, – qurumun cavabında deyilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Meydan TV-yə bildiriblər ki,Beyləqanda məktəblinin döyülməsi ilə bağlı araşdırma aparılır: “Beyləqan RPŞ-də müvafiq ekspertiza təyin olunmaqla istintaqda araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq əməli hüquqi qiymət veriləcəkdir”. Meydan TV

Chosen
134
1
xural.com

2Sources