EN

“Barselona”nın ən çox qazanan futbolçusu açıqlandı

İspaniya mətbuatı “Barselona”nın ən çox qazanc əldə edən futbolçusunun kimliyi barədə məlumatı ictimaiyyətə açıqlayıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, “blauqrana”da ən çox qazanc əldə edən futbolçu, polyak mərkəz hücumçusu Robert Levandovskidir.

“Lyova” “Barselona”da ildə 32 milyon avro məbləğində qazanc əldə edir.

Dərgi həmçinin daha əvvəl, “Barselona”nın ən çox qazanan futbolçusunun niderlandlı yarımmüdafiəçi Frenki de Yonq olması haqda məlumatı təkziblə çıxış edib. Bugünlərdə İspaniya mətbuatına açıqlama verən niderlandlı futbolçu özü də bu faktı təkzib etmişdi.

Xatırladaq ki, Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində Almaniya nəhəngi “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 9 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə verib. Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 104 oyun, 66 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 154 oyun keçirib, 84 qol vurub, 34 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı polyak mərkəz hücumçusunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Chosen
37
arena.az

1Sources