EN

İnformasiya Texnologiyaları İnstitutunun alimləri yenidən Stenford Universitetinin süni intellekt sahəsində beynəlxalq reytinq siyahılarında yer alıb

Stenford Universiteti bu ilin sentyabr ayında növbəti dəfə dünyanın ən yaxşı 2% alimlərinin reytinq siyahısını təqdim etdi. Məlumat üçün bildirək ki, bu siyahı 2019-cu ildən başlayaraq hər il dərc edilir və o, dünyanın çox nüfuzlu akademik nəşriyyatı olan Elsevier şirkətinin Scopus elmmetrik bazasının bir il əvvəlki məlumatları əsasında hazırlanır. Reytinq siyahısı bir çox elmmetrik göstəricilər nəzərə alınmaqla çoxmeyarlı qiymətləndirmə əsasında hazırlanır.

İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevin adı bu ildə də həmin siyahıya daxil edilmişdir. Qeyd etmək lazımdır ki, 2020-ci ildən başlayaraq ardıcıl olaraq artıq 5-ci ildir ki, akademik Rasim Əliquiyev bu siyahıda yer alır. O, bu siyahıya dünyanın bütün ölkələrində süni intellekt sahəsində tədqiqat aparan və məqalələri Scopus bazasında indeksləşən 399064 alimin arasından seçilmişdir. Vurğulamaq lazımdır ki, digər elm sahələrinə nəzərən ən böyük rəqabət məhz süni intellekt sahəsində olmuşdur.

Məlumat üçün bildirək ki, Stenford Universiteti yuxarıda qeyd olunan siyahıdan başqa, hər il eyni metodika əsasında, lakin uzunmüddətli dövrü əhatə edən ikinci (“karyeraboyu təsir”) siyahını təqdim edir. Belə ki, əgər birinci siyahı tədqiqatçının hesabat ilindəki (yəni 2023) elmi nəticəsinə görə hazırlanırsa, “karyeraboyu təsir” siyahısı tədqiqatçının 1996-cı ildən hesabat ilinə qədərki (1996-2023) dövrü əhatə edən elmi fəaliyyətinin nəticəsi əsasında hazırlanır. İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev 2024-cü ildə süni intellekt sahəsi üzrə “karyeraboyu təsir” reytinq siyahısında yer almışdır. O da bu siyahıya 399064 alimin arasından seçilmişdir. Qeyd etmək lazımdır ki, Ramiz Alıquliyev 2020-2023-cü illərdə süni intellekt sahəsində dünyanın ən yaxşı 2% alimlərinin reytinq siyahısına daxil edilmişdir.

 

Chosen
51
11
xalqqazeti.az

10Sources