EN

Helsinki Komisiyası: ABŞ Rusiya ilə 'uzunmüddətli' qarşıdurmaya hazırlaşmalıdır

Birləşmiş Ştatlar Rusiya ilə “uzunmüddətli” qarşıdurmaya hazırlaşmalıdır. Bu, prezident Vladimir Putin siyasi səhnədən getməyincə bitməyəcək. ABŞ-nin hər iki partiyasının təmsil olunduğu Helsinki Komissiyası sentyabrın 30-da bu barədə hesabat yayıb. Qurum bildirir ki, Ukraynanın cəbhədə Rusiyanı məğlub etməsi bu qarşıdurmanı udmaq üçün vacibdir, Vaşinqton Kiyevin qalib gəlməsindən ötrü hər şeyi etməlidir. Helsinki Komissiyası 1975-ci ildə keçmiş Sovet İttifaqında insan haqlarına nəzarət məqsədilə qurulub. Onun 18 üzvü olan konqresmenlər bərabər şəkildə Nümayəndələr Palatası və Senatı təmsil edir, icraedici qanaddan üç təmsilçi də var. “Rusiya qonşularında müharibə apardığı, onları işğal etdiyi müddətdə dinc və sabit Rusiya ilə bağlı heç bir ümid olmayacaq”, – komissiya hesabatında bildirir. “Ukraynanın rusiyalı işğalçıları məğlub etməsi Rusiyanı düşünməyə və islahatlara getməyə vadar etmək, Rusiyanın təsirini kökündən kəsmək, Rusiyanın təcavüzü ilə daha geniş mübarizədə vacibdir, ancaq yetərli deyil”, – komissiya vurğulayır. Rusiya üç ilə yaxındır Ukraynada təcavüzkar müharibə aparır. Komissiyanın hesabatının yayıldığı vaxtda isə ABŞ-nin Kiyevə hərbi dəstəyinin gələcəyi müəyyən deyil. Respublikaçı partiyasından prezidentliyə namizəd Donald Trampın (Donald Trump) başçılıq etdiyi qanad maliyyə öhdəliyinin məbləğini sual altına alır. Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal etməyə başlayandan Konqres 175 milyard dollarlıq dəstək ayırıb. Bu məbləğin böyük hissəsi ABŞ-nin özündə silah, digər məhsul və xidmətlərin istehsalına xərclənib. Ukrayna Rusiya qüvvələrini öz ərazisindən çıxarmağa ümid edirsə, gələn ilin əvvəlində ABŞ-dən daha bir böyük yardım paketi almalıdır. Putinlə yaxşı münasibəti olduğunu iddia edən Tramp deyib ki, prezident seçilərsə, müharibəni bitirmək üçün dərhal danışıqlar aparacaq. Hazırda Rusiya Ukrayna ərazisinin 20 faizə yaxınına nəzarət edir və istənilən razılaşma Kiyevi ərazi güzəştlərinə getməsini nəzərdə tuta bilər. ABŞ və NATO-nun təminatı olmasa, Putinin yenidən işğal etməyəcəyinə təminat da yoxdur. Demokratların namizədi, vitse-prezident Kamala Harris Ukraynaya yardımı dəstəkləyir, ancaq onun da indiki rəhbəri, prezident Co Baydendən (Joe Biden) nə qədər irəli gedəcəyi aydın deyil. Ukraynanın tərəfdarları Bayden administrasiyasını Kiyevə hərbi yardımı ləng ayırmaqda, onu qalib gəlmək üçün deyil, ayaqda qalmağa yetəcək qədər yardım göstərməkdə tənqid edir. Ukrayna prezidenti Volodimir Zelenski ötən həftə Ağ evə səfər edərək Baydenə “qələbə planı”nı təqdim edərək Rusiyanın dərinliklərində hərbi hədəfləri ABŞ raketləri ilə vurmağa icazə istəyib. Ancaq Ağ ev bu görüşdən sonra siyasətində hər hansı dəyişiklik baş verdiyini açıqlamayıb. Helsinki Komissiyasının sədri respublikaçı Co Uilsondur (Joe Wilson). Bu hesabat prezidentliyi qazanacaq istənilən partiyaya öyüd-nəsihət sayıla bilər ki, Ukraynaya yardımı davam etdirsin. Uilson Ukraynanı dəstəkləyən respublikaçılar sırasındadır. AzadlıqRadiosu

Chosen
143
2
xural.com

10Sources