Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrinə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib. AYNA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri - maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir.
Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilib. Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasıdır. Bununla yanaşı məqsədimiz təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.