Azərbaycanın siyasi iradəsi varsa, bu gün sülh müqaviləsinin razılaşdırılmış bəndlərini imzalamaq imkanı var.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir qıcıqlandırıcı və əsassız mövqe Ermənistan parlamentinin sədri, Alen Simonyan tərəfindən yerli jurnalistlərlə söhbət zamanı səslənib.
Simonyanın sözlərinə görə, Ermənistan Konstitusiyası sülhün imzalanmasına heç bir maneə yaratmır və Azərbaycan tərəfinin Ermənistanın Əsas Qanununa istinadları doğru deyil.
Yerli jurnalistlər Simonyana “niyə belə olan halda BMT tribunasından Ermənistanın baş naziri Nikol Paşinyan ziddiyyət yaranarsa, Ermənistanın Konstitusiyanı dəyişdirməyə hazırıq” kimi bəyanat verir” sualını ünvanlayıblar. Erməni spiker baş nazir belə bir söz işlətmədiyini bildirib. “O qeyd edib ki, bütün beynəlxalq müqavilələr Konstitusiya Məhkəməsində Konstitusiyaya uyğunluq prosedurundan keçir. Konstitusiya Məhkəməsi hazırlanmış sənədlə Əsas Qanun arasında ziddiyyətlər görsə, hansısa maneələrdən danışmaq olar. Amma bu ziddiyyətlər olmayacaq”, - deyə Alen Simonyan qeyd edib.
Millət vəkili Aydın Mirzəzadə Musavat.com-a bildirdi ki, Simonyanın məqsədi beynəlxalq ictimaiyyəti aldatmaq, Azərbaycanı isə bu məsələdə milli maraqlara zidd mövqe tutmağa yönəltməkdir. Millət vəkili vurğuladı ki, Simonyanın məqsədi Azərbaycanı yarımçıq sülhə təhrik etməkdir:
“Ermənistan 2005-ci il Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edir. Həmin bəyannamənin 1-ci bəndində açıq-aydın Ermənistan SSRİ Ali Soveti ilə “Dağlıq Qarabağ Milli Şurasının” dekabr ayındakı birgə iclasının birləşmə haqqında qərarına istinad edilir. Yəni, Ermənistan Konstitusiyası Azərbaycanın ərazi bütövlüyünü tanımır. Simonyan Azərbaycanın yarımçıq sülh müqaviləsi imzalanmasını arzulayır. O, sözügedən bəndin Konstitusiyada qalmasını ona görə istəyir ki, Ermənistan gələcəkdə əlverişli zamanda Azərbaycanın ərazi bütövlüyünü pozmağa cəhd etsin. Amma Simonyan unudur ki, Azərbaycana yarımçıq sülh lazım deyil. Sülh yalnız beynəlxalq hüquq normaları, dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması, sərhədlərin toxunulmazlıq prinsipi əsasında mümkün ola bilər. Əgər Ermənistan Konstitusiyasını dəyişmək istəmirsə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsindən söhbət gedə bilməz”.
A.Mirzəzadə xatırladıb ki, sülhün ilk növbədə Ermənistan üçün önəmli olduğu dəfələrlə bildirilib: “Ermənistan izolyasiyadan çıxmaq üçün sülh əlverişli imkan yaradır. Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı olması onun dünya bazarına çıxışına imkan vermir. Azərbycanın yaradacağı imkanlardan məhrum olur. Ermənistan sülh müqaviləsinin əsas hissəsini çıxarmaqla Azərbaycanı yarımçıq sülhə təhrik etmək istəyirsə, bu alınmayacaq. Ermənistan bu məsələdən ciddi nəticə çıxarmalıdır. İctimaiyyəti çaşdıran ayrı-ayrı bəyanatlar Azərbaycanı dövlət müstəqilliyi prinsiplərindən çəkindirə bilməz”.
Nigar HƏSƏNLİ,
Musavat.com