EN

Rusiya Qərbi Zəngəzur səhvini aradan qaldıra bilər

Yenə də Hayastanda sülh bəyanatlarının “dəstəsi 5 qəpiy”ə düşüb. Ölkənin rəhbərliyi Azərbaycanla sülh imzalamağa hazır olduqlarını dil boğaza qoymadan səsləndirirlər. Alen Simonyan hətta deyib sülh sənədini Bakıda, COP29-a gələrkən də imzalaya bilərlər.
Adamlar o qədər saxtadırlar ki, özlərinin də xəbərləri yoxdur. Azərbaycan rəsmi şəkildə Ermənistanı noyabrda keçiriləcək COP29-a hələ ötən aylarda dəvət edib. Bunun özü nə qədər mühüm jestdir, hələ nə Ermənistanda, nə də onun “başına fel, əlinə bel”-yəni silah-sursat – verənlər də dəyərləndirə bilmirlər. Azərbaycan ərazilərini 30 ildən artıq işğalda saxlayan, yüz minlərlə insanına zülüm-zillət yaşadan, sərvərtlərini tar-mar edən, hələ də Azərbaycan xalqından və dövlətindən üzr istəməyən, dəymiş zərəri ödəmək istiqamətində addım atmayan, üstəlik, ərazi bütövlüyün tanıdığı ölkənin azı 4 kəndini işğalda (!!!) saxlayan – müharibə 4 ildir başa çatsa da – Ermənistana rəsmən dəvət göndərilməsi rəsmi Bakının əsl sülh tərəfdarı olduğunu növbəti dəfə dünya boyunca təsdiqlədi. Ermənistan isə bu günədək hələ də dəvəti necə dəyərləndirəcəyini açıqlamayıb. Yoxsa etdikləri cinayələrə görə, Bakıya gəlməyə utanırlar. Olmaya Nikol Paşinyan “Qarabağ Ermənistandır.Nöqtə”, bəyanatına görə vicdan əzabı çəkir. Axı, minlərlə itkilər onun sərsəm iddiasının nəticəsində baş verdi. Amma bunların necə “utancaq”, “vicdanlı” olduqlarını hələ də görməkdəyik: sülh bəyanatlarının kölgəsində Fransadan, Hindistandan, İrandan, Rusiyadan silah-sursat, hərbi texnika alıb yığırlar, Naxçıvandan Kəlbəcərədək mövqelərimizə atəş açırlar. Simonyankimilər fəsiləsindən olanlar bu kimi təxribatlara, faktiki yeni eskalasiyaya rəvac verən davranışlara aydınlıq gətirməkdənsə, Bakıda sülh imzalamaqdan dəm vurur. Sən əvvəlcə Bakının dəvətinə reaksiya ver, COP29-da iştirak edib-etməyəcəyin barədə danış, sonra burda sülh imzalamaq “eşq”inə düş.
Hələ görün Nikol Paşinyan nə deyib. Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclası zamanı deyib ki, Ermənistan malların və insanların öz ərazisindən keçidinin təhlükəsizliyini təmin etməyə hazırdır. Erməni mediası yazır: “Ermənistanın baş naziri xüsusilə vurğulayıb ki, Ermənistanın haradasa hansısa sənəddə vaxtilə üçüncü dövlətlərin öz ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməsinə razı olması barədə bəyanatlar reallığın təhrifidir. Eyni şey Ermənistanın regional kommunikasiyalarla bağlı suverenliyinin hansısa bir şəkildə məhdudlaşdırılmasına nə vaxtsa razılıq verdiyi bəzi şərhlərə də aiddir. Bu baş vermədi və bu, həm də reallığın açıq-aşkar təhrifidir, deyə Paşinyan bildirib. Onun sözlərinə görə, Ermənistanın öhdəliyi aydındır – öz ərazisində yüklərin və nəqliyyat vasitələrinin təhlükəsizliyinə zəmanət verməkdir və biz buna zəmanət veririk”.

Yenə də yuxusunu qarışdırıb, “real Ermənistan nağılı” danışan Paşinyan. Avrasiya İqtisadi Birliyinin İrəvan iclasında iştirak edən Rusiyanın baş naziri Mixail Mişustin görəsən Paşinyanın yaddaşını təzələmək istəyibmi? “Ermənistanın haradasa hansısa sənəddə vaxtilə üçüncü dövlətlərin öz ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməsinə razı olması barədə bəyanatlar reallığın təhrifidir”, deyən Nikol Paşinyan doğrudanmı 2020-ci ilin 9-10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndini unudub? Yada salaq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Sənədin sonunda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzası var. Bəlkə Paşinyan imzasını geri çəkib, xəbərimiz yoxdur. Hər halda bir ölkənin hökumət başçısının bu qədər qeyri-ciddilik etməsi çox əcaib görünür. Əslində Zəngəzur dəhlizinə kiminsə nəzarət etməsi Azərbaycan üçün elə də ideal vəziyyət deyil. Amma Azərbaycan gərginliyin azalması, sülhə nail olunması üçün bu təşəbbüsə də razılığını bildirib. Ən azı keçid mərhələsi üçün. Qərbi Zəngəzur Azərbaycanın tarixi ərazisidir, bunu faktlar sübut edir. Bir ay sonra bu bölgənin Ermənistana verilməsinin 104-cü ildönümü tamam olacaq. Ortada bu qədər dəlil-sübutlar, daşdan keçən faktlar olduğu halda Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvana sərbəst gediş-gəlişimizə süni maneçilik yaratmağa çalışırsa, onda cavabını alacaq!
Yarımçıq sülhü imzalamağa “hazır olan” Nikol Paşinyanın qırımından belə görünür ki, o, Zəngəzur dəhlizinə mane olmaq iddiasındadır. Hər halda bu yandan İran, o yandan Fransa qulağını elə doldurub ki, “təhlükəsizliyi özüm təmin edəcəyəm”, nağılı danışır. Ermənistanın təhlükəsizliyi necə təmin etməsini 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində çox görmüşük, pəncərələri sındırılan vaqonlar, növbənöv təxribatlar. Bəlkə ermənilər tövbə eləyib, Nikol əminliklə danışır?
Bilirik ki, Rusiyanın da Zəngəzur dəhlizi ilə bağlı marağı böyükdür. Azərbaycan və Türkiyə üçün prinsipial məsələdir. Üstəlik, Rusiyanın müttəfiqi Çinin də bəlli maraqları var. Əgər Paşinyan Ermənistanı “daşı ətəyindən tökmürsə”, onda Rusiya özünün 1920-ci ildəki səhvini ortadan qaldıra bilər. Konkretləşdirsək, Rusiya bəyan edə bilər ki, Zəngəzurun qərb hissəsi 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olub və Paris Sülh Konfransında bu ərazilər daxil, 114 min kv.km-lik Azərbaycan dövlətinin müstəqilliyi tanınıb, Ermənistandan fərqli olaraq. Tarixi faktlar istəyənlər Millətlər Liqasının arxivinə baş vura bilər. Yəni Kreml bəyan edə bilər ki, o zaman Ermənistana verdiyi Zəngəzur ərazisi Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının halal haqqıdır. Sovet Rusiyasının 1929-cu ildə Nüvədi və digər əraziləri Ermənistana peşkəş etməsini Ermənistanda da bilirlər. Bu qərardan sonra dəhliz 43 km-ədək uzandı. Yəni vaxtaşırı əlində xəritələrin olduğunu bəyan edən Rusiya məhz həmin dövrün xəritələrini masaya qoysa, Ermənistanın “canı çıxar”.
Zəngəzur dəhlizi problemini beləcə, asanlıqla həll etmək olar, nə qədər çətin görünsə də…Sözsüz ki, Rusiya ona “asi” olan Ermənistanla oyun oynamırsa…Bir bəyanat yetər!
Azərbaycan dövlətinin Zəngəzur, Qərbi Azərbaycanla bağlı mövqeyi bəllidir, üstəlik, Qərbi Azərbaycanın əhalisi də Böyük Qayıdışa hazırdır. Dövlət başçımız da əminliklə Qarabağa olduğu kimi, Qərbi Azərbaycana da qayıdışın baş verəcəyini bildirdi. Qarşımızı kimsə kəsə bilməyəcək, nəinki Paşinyanın nağılları…
Elşad Paşasoy,
Musavat.com
Elşad PAŞASOY

Chosen
68
50
arantv.az

10Sources