EN

Everestin düşünüldüyündən yüksək olmasının səbəbi bilinib

Yazını böyüt
Yazını kiçilt

Yeni araşdırma dünyanın ən hündür zirvəsi olan Everestin nə üçün gözləniləndən daha yüksək olduğunu açıqlayıb.

Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, 40-50 milyon il əvvəl Hindistan və Avrasiya plitələrinin toqquşması Himalay dağlarını yaradan və burada təpələrin ucalmasına səbəb olan əsas amildir. Bu əvvəlcədən məlum idi. Ətrafdakı çayın təsiri isə yenicə məlum olub.

London Universitet Kollecində (UCL) çalışan alimlər kompüter modelləşdirməsi ilə Arun çayının dağın dibindəki qaya və torpağı aşındıraraq onun yüksəlməsinə və beləliklə də zirvənin 15-50 metr qalxmasına səbəb olduğunu göstəriblər.

Tədqiqatçılar təxminən 89 min il əvvəl Arun çayının Kosi çayı ilə birləşərək bu gücü qazandığını müəyyən ediblər. 75 kilometr uzaqlıqdakı çay hövzəsinin itirilməsinin Everest dağının ildə 2 millimetr yüksəlməsinə səbəb olduğu bildirilir.

Tədqiqat məqaləsinin həmmüəlliflərindən olan Adam Smit prosesi aşağıdakı ifadələrlə təsvir edir: “Bu, bir az gəmidən yük atmağa bənzəyir. Gəmi yüngülləşdikcə bir az da yuxarı qalxır. Eynilə, yer qabığı yüngülləşdikdə, daha yüksəklərə çata bilər”.

“Nature Geoscience”də dərc edilən araşdırmada bu qüvvənin Everestlə birlikdə dünyanın 4-cü və 5-ci ən yüksək zirvələri olan Lhotse və Makaluya da təsir etdiyi vurğulanır.

Araşdırmanın digər müəllifi Dr. Metyu Foks izah edir: "Everest dağı və qonşu zirvələr ucalır, çünki izostatik tənzimləmə onları eroziyadan daha tez qaldırır. GPS alətləri ilə onların ildə iki millimetr böyüdüyünü görürük və indi bunun arxasında dayanan səbəbləri daha yaxşı anlaya bilərik".

Dr. Şu Han Çindən UCL-i ziyarət edərkən tədqiqata rəhbərlik etmişdi. "Everest dağının hündürlüyünün dəyişməsi Yer səthinin dinamik təbiətinə işarə edir. Arun çayının aşınması ilə Yer mantiyasının yuxarı təzyiqi arasındakı qarşılıqlı əlaqə Everest dağına sürətlənmə verir və onu normaldan yuxarı itələyir", - Şu Han deyir.

Chosen
13
1
hafta.az

4Sources