Yaponiyanın Miyazaki hava limanının uçuş-enmə zolağında baş verən partlayış nəticəsində diametri 7 metr, dərinliyi 1 metr olan çuxur əmələ gəlib və bütün uçuşlar dayandırılıb.
"Cebheinfo.az" xəbər verir ki, yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, yerli vaxtla saat 08:00 radələrində hava limanının uçuş-enmə zolağı arasındakı taksi yolu hissəsində partlayış baş verib.
Hadisə yerinə çoxlu sayda polis və yanğınsöndürmə briqadası göndərilərkən, diametri 7 metr, dərinliyi 1 metr olan çuxurun əmələ gəldiyi müəyyən edilib.
Hadisə zamanı ölən və yaralanan olmasa da, ehtiyat tədbiri olaraq bütün uçuşlar dayandırılıb. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.
Uçuş-enmə zolağında İkinci Dünya müharibəsi dövrünə aid partlamamış hərbi sursatların olması ehtimalı ilə Saqa əyalətində yerləşən Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDF) bomba zərərsizləşdirilməsi qrupunun Miyazaki hava limanına göndərildiyi açıqlanıb.