EN

İsrail İrana cavab zərbəsi endirəcək?

“İran İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) İsrailə birbaşa raket hücumu İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin əmri ilə həyata keçirilib”. 

Bu sözləri Orta Doğu Araşdırmaları Mərkəzinin sədri Sədrəddin Soltan “Cebheinfo.az”-a açıqlamasında İranın İsrailə növbəti raket hücumunun regiona təsirini şərh edərkən bildirib.

Onun sözlərinə görə, İran hakimiyyətinin bu addımı bir neçə amillə əlaqəlidir:

“Məhz Tehranın İsrailə hücum edəcəyi barədə məlumat öncədən yayılmışdı.Amma sonradan bu məlumat təkzib olundu. İran hakimiyyəti heç kimə xəbərdarlıq etmədən İsrailə raket hücumları həyata keçirib.  İran bir neçə səbəbə görə bu hücumu təşkil edib.

Birincisi, hakimiyyətdən narazı olan qüvvələri yerində otuzdurmaq, ikincisi, SEPAH daxilində parçalanmanın qarşısını almaq, üçüncüsü, İranı qorxalıqda günahlandıran qüvvələrə özünü göstərmək, dördüncüsü, daxili narazıqların qarşısını almaq üçün diqqəti İsraildən gözlənilən təhlükəyə yönəltmək və nəhayət, güclü silahlara malik olduğunu göstərmək. İran hakimiyyətinin İsrailə növbəti hücumunun arxasında məhz bu amillər dayanır”. 

Politoloq İsrailə hücumun təşkili barədə Prezident Məsud Pezeşkiana heç bir məlumatın verilməməsi ilə bağlı iddialara da aydınlıq gətirib:

“Hücum İslam İnqılabı Keşikçiləri Qvardiyasının Hərbi Hava Qüvvələri tərəfindən təşkil olunub. Əsas əmri isə Xameneyi verib.

Bu baxımdan Prezident Məsud Pezeşkiana məsələ ilə bağlı heç bir məlumat verilməyə bilər. Bildirim ki, İranda prezident postunu tutan şəxslər bu tip məsələlərdə o qədər ciddi məsuliyyət daşımır. Bu halda Xameneyi Pezeşkiana bu barədə məlumat verməyə də bilər.

Ola bilər ki, hücumdan əvvəl Xameneyi məlumatın sızacağından narahat olub. Buna görə də o, prezidentə məlumat verməyi vacib hesab etməyib. Çünki əvvəllər hakimiyyət daxilində önəmli məlumatların sızmasından sonra ölkədə ciddi hadisələr baş verib.

Hər halda Pezeşkiana hücum barədə məlumat versəydilər belə, onun bu məlumatı sızdırmaq imkanları yoxdur”. 

Sədrəddin Soltan İsrailin İrana cavab tədbiri ehtimalına da aydınıqlıq gətirib:

“İsrail tərəfi əvvəlcədən bəyan etmişdi ki, əgər İran hakimiyyəti İsrailin ərazisinə raket hücumları həyata keçirərsə, İsrail də buna cavab olaraq İranın neft anbarlarını və hərbi obyektlərini hədəfə alacaq.

Amma görünən budur ki, İranın son raket hücumları o qədər də güclü təsirə malik olmayıb, yəni İsrailə və onun iqtisadiyyatına ciddi ziyan vurmayıb. Belə olan halda İsrailin İrana hərbi hücum ehtimalı azdır.

Həmçinin İsrailin ABŞ və digər Qərb ölkələri ilə bərabər İrana birgə hücum əməliyyatları keçirməsi də gözlənilən deyil. Sadəcə olaraq, ABŞ və Qərb ölkələri İsrailin öz təhlükəsizliyinin təminatına yönələn əməliyyatlarını dəstəkləyəcəklər”. 

Chosen
24
cebheinfo.az

1Sources