EN

BDU-nun Geologiya fakültəsi və “Azerbaijan International Mining Company Limited” Şirkəti birgə elmi seminar keçirib » AzadMedia.az


Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin təşkilatçılığı ilə “Azerbaijan International Mining Company Limited” Şirkətinin Gədəbəy rayonundakı qızıl filizi mədənlərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dağ-mədənçilik sahəsində yataqların istismarı prosesində ətraf mühitə ekoloji problemlərin təsirinin qiymətləndirilməsi” mövzusunda birgə elmi seminar keçirilib.

Seminarda şirkətin geoloji kəşfiyyat işləri üzrə direktoru Anar Vəliyev istismar olunan yataqlar, aparılan geoloji kəşfiyyat işləri və yeni kəşf olunmuş “Gilar” qızıl-polimetal yatağı haqqında məlumat verib. O, dağ-mədənçilik sənayesində ətraf mühitin çirklənməsinin minimuma endirilməsinin şirkətin əsas prioritetlərindən olduğunu vurğulayıb.

Anar Vəliyev bildirib ki, ölkəmizdə qara, nəcib və əlvan metallurgiya sənayesinin inkişafı üçün kifayət qədər mineral xammal resursları var. Şirkətin kontrakt sahələrindəki filiz ehtiyatları dağ-mədən sənayesinin inkişafı üçün uzun illər kifayət edə bilər. Yeni yataqların kəşf olunması və müasir istehsal texnologiyalarının tətbiqi ətraf mühitə mənfi təsirləri azaldır. Mədənlərdə tullantıların toplanması üçün poliqonlar yaradılır, çirkli suların sızmasının qarşısını almaq üçün toplama gölməcələri inşa edilir.

Geologiya fakültəsinin dekanı Mamoy Mansurov mədənçilik sənayesində ətraf mühitə yan təsirlərin qiymətləndirilməsi, istismar prosesləri və mədənlərin bağlanması zamanı torpaqların bərpası ilə bağlı fikirlərini bölüşüb. O, mədən işlərinə başlamazdan əvvəl ətraf mühitə təsirin qiymətləndirilməsinin vacibliyini qeyd edib.

Vurğulayıb ki, işçilərin və cəmiyyətin sağlamlığı və təhlükəsizliyi əsas amil olmalıdır. Su ehtiyatlarının idarə olunması, sianid məhlullarının və emal tullantılarının ətraf mühitə atılmasının qarşısını almaq da önəmlidir.

Mamoy Mansurov bildirib ki, filizlərin çıxarılmasından sonra mədənlər bağlanmalı və ilkin məhsuldar torpaq qatı bərpa edilməlidir. Torpaq və bitki örtüyünün bərpası mədən planlaşdırılmasının və ekoloji qiymətləndirmənin tərkib hissəsidir.

Seminarda professorlar Nazim İmamverdiyev, Şəhla Abdullayeva, əməliyyat işləri üzrə menecer Mehman Talıbov, layihə geologiyası meneceri Rəşad Əsgərov, SƏTƏM üzrə mütəxəssis Rasif Məmmədov mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Yekunda iştirakçıların sualları cavanlandırılıb, mədənlərə və filiz emalı zavodlarına baxış keçirilib.
Chosen
31
1
azadmedia.az

2Sources