EN

"33 gün idi, haqqında yazmağa söz tapmırdım - indi öz sözünü tapdım, müəllim: “Söz haqqında söz...”

Avqustun 31-i dünyanı dəyişdin... Axı belə deməmişdin, müəllim... Yenə görüşəcəkdik, dərdləşəcəkdik... Hələ səndən çox şeylər öyrənəcəkdim... Hələ yeni yazılarından saytımızda dərc edəcəkdik...
 
Düz 33 gündü yoxluğuna inanmıram, haqqında yazmağa söz tapammıram...  Axır bu cümə axşamı öz sözünü tapdım, müəllim...
 
Arxivini varaqladım... İşıq üzü görməmiş yazılarını, şeirlərini oxudum... İlk olaraq bu yazını çatdırmaq istədim oxumayanlara: 
 
“Söz haqqında söz...”   Hələ haqqında çox yazacam, müəllim, söz....
 
 
“Söz haqqında söz...” –Əslixan Hüseynoğlu 
 
“Söz sağalmaz yaradı, silinməz dağdı. Göyçədi, Zəngəzurdu, Arazdı, Qarabağdı...”                                                                                      
                                                             
“Sözüm söz deyilsə, söz  eləmə,                        
                                                             Sındır, sözün içinə bax!” 
                                                                                 Fikrət  Sadıq.
 
Sözün bir dünya söhbəti var, sözü-həcəti var. Yamanı, yavası, tərsi, höcəti var. Lağlağısı, loğazı, qaxıncı-töhməti var. Gici var, bici var, axmağı var, fağırı, qorxağı var. Qılıqlısı, həlimi, fəndgiri, fasığı var. Təbibi var, loğmanı var, əfəli, maymağı var. Onun  şimşək tək  çaxanı da, yandırıb-yaxanı da var. Ağladıb-güldürəni də var, zarıncı eləyəni də, öldürəni də. Yara vuranı da, ara vuranı da var. Sözün  adamı sındırmağı da, dondurmağı da, yerindən oynatmağı  da var. Ağıllısı,  dəlisi,  dəcəli,  kütü var. Ətri-iyi, bişmişi, çiyi var. Dadı-tamı, şoru-şiti var.  Dağ olunanı, yağlısı, yavanı, düzü, əyrisi var. Soyuğu, istisi var. Şirini, acısı, yaxşısı, pisi var. Onun dəymişi, kalı var. Dağalı, cığalı var. Sözün ağı, bozu, qarası, zoğalısı, qırmızısı var. Min  cür halı var. Hədyanı, alı var, şəkəri, gülqəndi, balı var...
          
Söz göyərir, çürüyür, qocalır, uyuşur, tutuşur. Onun toqquşmağı, dolaşmağı, qarışmağı, çəlpəşik  düşməyi  var. Böyüməyi, yoğunlamağı,  şişməyi  var. Əyilməyi,  əyrilənməyi,  nazilib incəlməyi var. Sözün  sovulmağı  da, sıyılmağı da, sayılmağı  da var, sınmağı, qırılmağı da. Onun didərgin düşməyi, qəribliyə salınmağı da  var. Yatımı, yönü, yöndəmi, qibləsi, çəmi var. Sözün uzunu, gödəyi, kəsəsi, qısası var. Azı var, çoxu var. Sözün dəmi var. Vaxtı, məqamı, bərəsi var. Əvvəli,  axırı  var. Korşunu, kəsərlisi, paslısı, paxırı var. Onun qartmışı-qarısı, kövrəyi, ipəyi, codu, şumalı var. Şaxı, sınmışı, üzünə üz bağlayanı var. Köhnəsi, yenisi, ağırı, yüngülü, düzü, ovandı, əyrisi, qozbeli var...
       
Söz  dayaqdı, duracaqdı,  səngərdi,  qaladı, güvəncdi, qazancdı. Laləli bahardı. Oddu, sudu, ümiddi,  məlhəmdi,  təpərdi, hərarətdi,  təravətdi. İzzətdi, şöhrətdi, ucalıqdı, ad-sandı. Ədəb-ərkandı... Söz yükdü, ağır daşdı. Yaşantıdı,  yaşdı,  ömür yoludu, qan  yaddaşıdı. Həsrətdi, niskildi, göz yaşıdı. Boranlı-çovğunlu qışdı. Sağalmaz yaradı, silinməz dağdı. Göyçədi, Zəngəzurdu, Arazdı, Qarabağdı...
 
Sözün ölçüsü-biçisi, çəkisi, sanbalı, canı, ruhu, nəfəsi var. Nuru var, işığı, ziyası var. Tikanı, nəştəri, qılıncı, qırmancı  var. Sözün  başına ip salmaq da olar, ayağını çidarlamaq  da. Onu quş kimi uçurtmaq da, ömürlük zindana atmaq da olar. Oğurlamaq da, oğurlatmaq da olar. Almaq da olar, vermək də. Sözün altında  qalıb şil-küt olmaq da, ölmək də olar. Onun babalı da var, zavalı da. Sözün qulu var, ağası, yiyəsi var. Qədr-qiyməti var. Ucuzu, bahası var. Sözün  bazarı var,  sərrafı, xiridarı var. Əsli-nəcabəti var, soydaşı, qardaşı var...
       
Sözün udulanı var, yeyiləni, yeyilməyəni var. Yeriyəni, yüyürəni, axıb-çağlayanı, çürüyəni, sağlamı-sağı, büdrəyəni, axsağı var. Sözün yeri-yurdu, evi, dibi-dəhnəsi var. Qəsri-qalası, həddi-sərhədi, qoruq-qaytağı var. Söz ölçüdü, meyardı, insanın, insanlığın qiymətidi, ziynətidi,  qüdrətidi. Söz sirdi, Allahın möcüzəsidi...
       
Sözün içi var:  məhəbbət də, nifrət  də, alxış da, qarğış da onun içindədi. Sözün  həngi də var, ahəngi də. Alisi də var, ulusu da, qəmbərqulusu da... 
 
Yaxşısını Fikrət Sadıq bilir...
 
                                                                                                                                  2005.
(Qısa arayış:
 
Əslixan Hüseynoğlu 1949-cu ildə Laçın rayonunun Ağanus kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 
 
Bədii yaradıcılığa şeirlə başlayıb.  Mətbuatda daha çox publisistik yazıları dərc edilib. “Geriyə bax, qoca”, “Yəhərə bağlanmış kəfən” adlı iki romanı çap edilib. 
 
Əslixan Hüseynoğlu uzun illər, Naxçıvanda “Naxçıvan” qəzetində jurnalist, Laçın rayonun müxtəlif kəndlərində müəllim, Laçın rayon Təhsil Şöbəsində məsul vəzifələrdə çalışıb.
 
2024-cü il avqustun 31-də Bakı şəhərində dünyasını dəyişib)
 
Allah qəni-qəni rəhmət eləsin, müəllim! Haqq dünyasında görüşənədək...
 
Sultan Laçın
 
Chosen
19
moderator.az

1Sources