EN

Layihə meneceri: BANM-də keçirilən yarışma iqlim problemlərinin həlli üçün ideyalar verilməsinə kömək edir

Layihə

Bakı, 3 oktyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbində “Boşluğun doldurulması – gənclər və yaşıl əmək bazarı” mövzusunda keçirilən innovativ ideya yarışması (ideathon) bizə iqlim problemlərinin həlli üçün ideyaları toplamağa kömək edir.

Bu fikri AZƏRTAC-a müsahibəsində “Gənclər və yaşıl əmək bazarı” layihəsinin meneceri Nərgiz Əmrahova söyləyib.

Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” olduğunu, eləcə də COP29 tədbirinin keçiriləcəyini qeyd edən müsahibimiz COP29 çərçivəsində gənc nəslin yaşıl fəaliyyətə cəlb olunması üçün BMT-nin İnkişaf Proqramı ilə birlikdə Bakı Ali Neft Məktəbində “Bridging the Gap - Youth and Green Jobs Market”) mövzusunda ideathon keçirildiyini bildirib: “Yarışmanın məqsədi məhz bu mövzu üzrə problemlərin həllinə dair innovativ ideyaların müəyyən edilməsidir. Bu, eyni zamanda, dost və həmrəylik yarışıdır. Lakin ideyaların dəyərləndirilməsi, reallığa uyğun olması da nəzərə alınacaq. Ötən gün yarışmanın açılışı baş tutub, təlim və vorkşop sessiyaları keçirilib. Bu gün mentorlarla iş saatları təşkil olunur. Yarışda on mentor var. Onlar fərqli sahələrdə peşəkar şəxslərdir.

Sabah mentorlarla iş davam etdiriləcək və daha sonra ideyaların yarışması olacaq. Yarışmada 15 komanda iştirak edir. Ən çox bal toplayan 3 komanda qalib elan olunacaq. Qalib komandalardan I yeri tutan 3000 manat, II yeri tutan 2000 manat, III yeri tutan 1000 manat qazanacaq”.

Yarışmanın Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunduğunu qeyd edən layihə meneceri deyib: “Həftə çərçivəsində paytaxtımızda müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərə çox sayda insanlar cəlb edilir. Nəticədə iqlim problemləri ilə bağlı həm məlumatlılıq artır, həm də fərqli ideyalar və təşəbbüslər ortaya çıxır. Gənclərin belə tədbirlərə cəlb edilməsi isə onların maariflənməsi və daha parlaq ideyaların ortaya çıxması deməkdir”.

 

 

Chosen
13
azertag.az

1Sources