Sonra gündəliyə daxil olan "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələr zamanı, qanun layihələrinin əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin səmərəli şəkildə təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb. Komitə üzvləri dəyişikliklərin tibbi sığorta sisteminin inkişafına, xidmətlərin daha əlçatan olmasına və vətəndaşların sağlamlıq hüquqlarının qorunmasına müsbət təsir göstərəcəyini vurğulayıblar. Həmçinin qanun layihələrinin müzakirəsində, tibbi sığorta sisteminin genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın artırılması, eləcə də əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının yaxşılaşdırılması məsələlərindən də danışılıb.
Daha sonra iclasda gündəliyə daxil olan sonuncu məsələ - Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və Tibbi sığorta haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb. Müzakirələr zamanı, komitə üzvləri qanun layihələrinin məqsədini və əsas müddəalarını detallı şəkildə analiz edərək Vergi Məcəlləsindəki dəyişikliklərin vergi sisteminin daha səmərəli və şəffaf işləməsinə xidmət edəcəyini vurğulayıblar. Həmçinin sosial sığorta və tibbi sığorta qanunlarına edilən dəyişikliklərin vətəndaşların sosial təminatını artıracağı və tibbi xidmətlərin keyfiyyətini yüksəldəcəyi bildirilib.
İclasda müzakirə olunan qanun layihələrinin əhəmiyyətinin vurğulanması ilə yanaşı, komitə üzvləri tərəfindən atılacaq addımlarla bağlı konkret təkliflər irəli sürülüb.Beləliklə, iclas parlamentin Səhiyyə komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının təsdiq edilməsi ilə, həmçinin gündəlikdəki digər məsələlərin məhsuldar və məqsədyönlü müzakirələri ilə yekunlaşıb.