EN

Azərbaycan və Özbəkistanın ali məktəbləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 3 oktyabr, AZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Daşkənd Pedaqogika və İqtisadiyyat İnstitutu arasında elmi, pedaqoji, tələbə-müəllim mübadiləsi, birgə elmi konfransların, nəşrlərin təşkili və s. istiqamətlərdə əməkdaşlıq memorandumu imzalanıb.

Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın Özbəkistana səfəri çərçivəsində reallaşıb.

Tədbirdə çıxış edən Daşkənd Pedaqogika və İqtisadiyyat İnstitutunun prorektoru dosent İsa Dusbayev Azərbaycan ali təhsil ocaqları ilə əməkdaşlığın onlar üçün çox vacib olduğunu qeyd edib. Prorektor əməkdaşlıq çərçivəsində ilkin olaraq Daşkənd Pedaqogika və İqtisadiyyat İnstitutu müəllimlərinin Azərbaycan Dövlət Pedaqoji Universitetində təcrübə keçmələrini arzulayıb və bu qocaman ali təhsil ocağında əldə ediləcək təcrübənin onların müəllimləri üçün çox faydalı olacağını vurğulayıb. O, bu təşəbbüsə görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Professor Mahirə Hüseynova iki ölkə arasında təhsil sahəsində əlaqələrin möhkəmlənməsi və bu istiqamət üzrə bütün Türk dünyasında əməli addımların atılmasının vacibliyindən söz açıb. O, Özbəkistan və Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edərək bu sahədə görülə biləcək işlərdən danışıb, gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün əlindən gələn dəstəyi əsirgəməyəcəyini bildirib.

Sonra təhsil sahəsindəki xidmətlərinə görə Mahirə Hüseynovaya Daşkənd Pedaqogika və İqtisadiyyat İnstitutunun fəxri professoru adının verilməsi ilə əlaqədar ali təhsil ocağının Elmi şurasının qərarı oxunub, ona diplom və xatirə hədiyyələri təqdim edilib.

Tədbirin bədii hissəsində universitet tələbələri tərəfindən şeirlər oxunub, Azərbaycan və özbək mahnıları səsləndirilib.

 

Chosen
13
2
azertag.az

3Sources