EN

Səməd Bəşirli: Azərbaycanda qlobal iqtisadi çağırışlara adekvat yanaşma nümayiş etdirilir

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycanda qlobal iqtisadi çağırışlara və yeni inkişaf tələblərinə adekvat yanaşma nümayiş etdirilir.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, dünyada müşahidə olunan mənfi iqlim trendlərinin yaratdığı fəsadlar və sürətlə dəyişən texnoloji innovasiyaların yaratdığı imkanlar milli iqtisadiyyatlar qarşısında yeni çağırışlar və perspektivlər müəyyən edir.

“Daha dayanıqlı və çevik iqtisadi modellərə keçid üzrə yeni tələblər formalaşır, bu tələblərə uyğun islahatların həyata keçirilməsi, innovasiyalara və “yaşıl texnologiya”lara investisiyaların yatırılması, rəqəmsal bacarıqların inkişaf etdirilməsi zərurətə çevrilir. Ölkəmizdə qeyri-neft sektoru şaxələndirilir, yeni sənaye və istehsal sahələri yaradılır, insan kapitalı inkişaf etdirilir və rəqəmsal iqtisadiyyatın tətbiqi genişləndirilir. Yeni nəsil iqtisadiyyatın tələbləri nəzərə alınmaqla Prezident İlham Əliyev tərəfindən 5 Milli Prioritet müəyyənləşdirilib. 2030-cu ilədək ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritetimiz var: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Milli Prioritetlər Azərbaycanı təmiz ətraf mühit, yaşıl artım ölkəsinə, innovasiyalar məkanına çevirmək və dayanıqlı iqtisadi artıma nail olmaqda önəmlidir”, - deyə nazir müavini əlavə edib.

Chosen
16
2
azertag.az

3Sources