EN

Ermənistan XİN Azərbaycanla sülh prosesinin əsas məqsədini təhrif etdi...

Image

Ermənistan hakimiyyəti nəyin bahasına olursa-olsun, Azərbaycanla "sülh sazişi" adı altında bir kağız parçası imzalamaq istəyir. Bu Ermənistana hava-su kimi lazımdır. Çünki Qərb və Amerika hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, maliyyə yardımlarının verilməsi üçün Ermənistandan tələb edir ki, Azərbaycanla davamlı sülhə dair saziş imzalasın. 

Ermənistan hökuməti isə hesab edir ki, Azərbaycanla heç bir əhəmiyyətə malik olmayan, bu iki dövlət arasında olan problemlərin çözülməsini özündə tam ehtiva etməyən "sülh sazişi" bağlamaqla Avropanı və ABŞ-ni aldadaraq onlardan buna görə maliyyə yardımları alacaq, Avropa İttifaqının üzvlüyünə namizəd qəbul ediləcək. İrəvanda elə bilirlər ki, 200 il Rusiyanın təbəəsi olmaqla dövlət qurduqları kimi, indi də "sülh sazişi" ilə ölkələrini sülhün beşiyi kimi təqdim edib, milyardlarla yardım alıb, Ermənistanı Avropa ölkəsinə çevirəcəklər.

Belə ki, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın sözlərinə görə, Ermənistan hesab edir ki, artıq razılaşdırılmış məqamlar ən azı iki ölkə arasında diplomatik münasibətlərin qurulması və digər məsələlər üzrə müzakirələrin davam etdirilməsi üçün kifayətdir.

Azərbaycan niyə Ermənistanın bu variantı ilə razılaşmır, bunun səbəbi Ermənistan Respublikasının Konstitusiyasında olan istinad ilə bağlıdırmı, sualına cavab olaraq xarici işlər nazirinin müavini vurğulayıb ki, Konstitusiyaya dəyişiklikləri bizim daxili işimizdir.

“Rəsmi Bakının səsləndirdiyi narahatlıqlara faktiki olaraq delimitasiya komissiyalarının əsasnaməsinin təsdiqi mərhələsində cavab verilib, Konstitusiya Məhkəməsi Bakının səsləndirdiyi narahatlığın reallıqla heç bir əlaqəsi olmadığını göstərən şərhlər verib”, - deyə o, qeyd etdi.

Elə Ermənistanın inteqrasiya etmək istədiyi Avropada belə bir deyim var: "Sənin yumruğun yalnız mənim burnuma dəyənə qədər azaddır!". Yəni bu o deməkdir ki, hər kəsin və hər bir dövlətin azadlığı məhdudiyyətsiz deyil. Sənin azadlığın mənə zərər vurursa, həmin sərhəd sənin azadlığının məhdudlaşdığı nöqtədir. Ermənistan konstitusiyasının dəyişdirilməsi, o sənədə hansı fantastik maddələrin salınması erməni xalqının iradəsindən asılıdır, Aydakı torpaqlara da iddia edə bilərsiniz, biz sizinlə razıyıq. Amma bu sənəddə istinad əsasında iddia edilirsə ki, "Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir", bu artıq erməni xalqının daxili işi ola bilməz, bu, Azərbaycan torpaqlarına iddia etməsidir. Üstəgəl, son qoymaq istədiyimiz münaqişə də məhz həmin iddiadan qaynaqlanıb. Ermənistan o iddiadan əl çəkmirsə, hələ də əsas qanunu ilə Azərbaycan torpaqlarına iddialıdırsa, hansı sülh sazişindən söhbət gedə bilər? Fikrimizcə, Azərbaycan hökuməti hələ Ermənistanın Müstəqillik Bəyannaməsinə redaktə edilərək, oradan da bu iddiaların çıxarılmasını tələb etməlidir.

Digər tərəfdən, Ermənistan Azərbaycan xalqına divan tutan Balasanyanı, Ohanyanı və digər müharibə cinayətkarlarını cəzalandırmırsa, bu qəbildən olan cinayətkarlara qəhrəman adı verirsə, ona Ermənistanda heykəllər ucaldırsa, biz hansı sülhdən danışa bilərik?

Ermənistan əvvəllər mövcud olan, münaqişə nəticəsində Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yolu açmaq istəmirsə, biz necə barışa bilərik? Bəli, bəhanələr var ki, burda xarici güc mərkəzlərinin maraqları toqquşur. Elə isə yolu yalnız Azərbaycan üçün açmaq olar. Ermənistan bunu da təklif etmir.

Ermənistan münaqişə zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirməsi üçün Azərbaycan tərəfinin təşəbbüsünə dəstək vermir, minalanmış ərazilərin dəqiq xəritəsini təqdim etmir. Bu səbəbdən son dörd ildə yüzlərlə vətəndaşımız həyatını və sağlamlığını itirib. Bunun adı düşmənçilik deyil, bəs nədir? Ermənistan hələ də Azərbaycanla düşmənçilik sürdürürsə, biz onunla necə sülh müqaviləsi bağlaya bilərik?

Azərbaycanın sülh müqaviləsində qoyduğu prinsipial məsələlərdən Ermənistan yalnız delimitasiyaya razılaşıb. İrəvanin buna da razılaşmasının səbəbi eskalasiya qorxusudur. Qorxurlar ki, Azərbaycan Ordusu yenidən işğal altında qalan ərazilərinin azad edilməsi üçün addımlar ata bilər.

Ermənistan siyasiləri ya reallıq hissini itirib, ya da özlərini naqqallıqa vurub. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyir ki, artıq razılaşdırılmış məqamlar ən azı iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına kifayətdir. Bu küt diplomata başa salan yoxdur ki, diplomatik münasibətlərin qurulması ilə münaqişəyə son qoyulması arasında böyük fərq var. Sülh sazişı imzalanmadan da diplomatik münasibətlər qurula, səfirlik mübadiləsi həyata keçrilə bilər. Amma sülh sazişi imzalamaq üçün biz əmin olmalıyıq ki, Ermənistan səmimi olaraq bizə düşmən gözü ilə baxmaqdan əl çəkib. Bunun üçün isə yuxarıda sadalanan problemlər mütləq aradan qalxmalıdır. Əks təqdirdə, Avropaya Ermənistanın arayış verməsi naminə Azərbaycan yarımçıq və mənasız sülh müqaviləsinə imza atmayacaq.

Akif NƏSİRLİ





Chosen
22
baki-xeber.com

1Sources