EN

Böyük Britaniya bir müstəmləkəsinə azadlıq verdi- növbə Fransanındır...

Image

Böyük Britaniya Çaqos arxipelaqı üzərində suverenliyi Mavrikiyə verəcək. Bu, Hind okeanındakı sözügedən adalar qrupunun kimə məxsus olması ilə bağlı iki ölkə arasında uzunmüddətli mübahisələrə son qoyacaq. 

Qeyd edək ki, hələ 2019-cu ildə Beynəlxalq Ədalət Məhkəməsi Böyük Britaniyanın Çaqosun nəzarətini Mavrikiyə təhvil verməsi barədə qərar çıxarıb. Lakin Britaniya hakimiyyəti bu qərarla razılaşmayıb. Bundan sonra Mavrikiy BMT Baş Assambleyasına müraciət edib. Baş Assambleya bu müstəmləkə ərazisinin Mavrikiyə verilməsi barədə sənəd qəbul edib. 2019-cu ilin fevralında  Londona Mavrikiyə “sakinlərin öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini nəzərə alaraq ərazinin dekolonizasiyasını başa çatdırmağa” icazə vermək tövsiyə edildi. Haaqadakı hakimlər adaların ayrılması və Britaniya Hind okeanı ərazisinə daxil edilməsinin “qanunsuz” olduğunu bildiriblər. Böyük Britaniya bu qərara uyğun addım atır.

Adalar üzərində mübahisə 1960-cı illərdə yaranıb. Həmin vaxt Böyük Britaniya keçmiş müstəmləkəsi Mavrikiyəyə müstəqillik verərək, Çaqos arxipelaqını ondan ayırmaq qərarına gəldi. Məsələ burasındadır ki, bura Britaniya-Amerika hərbi bazasının yerləşdiyi Dieqo Qarsiya adası daxildir. İndi də Çaqos arxipelaqının Mavrikiyə verilməsindən sonra baza ən azı 99 il ABŞ və Böyük Britaniyanın yurisdiksiyasında qalacaq. Bu bazadan Amerika təyyarələri Əfqanıstan və İraqa reydlər zamanı istifadə ediblər. Yeni razılaşmanın şərtlərinə görə, Britaniya Dieqo Qarsiyanı Mavrikiydən ən azı 99 il müddətinə icarəyə götürərək ABŞ-a orada hərbi baza saxlamağa icazə verəcək. Yəni buna görə Britaniya hər il Mavrikiyə ödəniş edəcək. Böyük Britaniya və Mavrikiy liderləri regional və qlobal təhlükəsizlikdə mühüm rol oynayan Dieqo Qarsiyadakı mövcud bazanın uzunmüddətli, təhlükəsiz və effektiv fəaliyyətini təmin etməyə sadiq olduqlarını bildiriblər. ABŞ da bu tarixi razılaşmanı alqışlayıb. Məsələ ilə bağlı ABŞ prezidenti Co Bayden bildirib:  “Bu, diplomatiya və tərəfdaşlıq vasitəsilə xalqların uzun müddətdir davam edən tarixi çağırışların öhdəsindən gələ biləcəyinin və dinc və qarşılıqlı faydalı nəticələr əldə edə biləcəyinin əyani nümayişidir”. Böyük Britaniyanın baş naziri Keir Starmerin və Mavrikiyanın baş naziri Pravind Jugnautın birgə bəyanatda məsələ ilə bağlı qeyd olunur: “Bu, əlaqələrimizdə mühüm məqamdır və mübahisələrin sülh yolu ilə həllinə və qanunun aliliyinə davamlı sadiqliyimizi nümayiş etdirir”. Bir daha qeyd edək ki, Çaqos arxipelaqı 1965-ci ildə, Mavriki hələ Britaniya müstəmləkəsi olanda Mavrikiydən ayrılıb. İngiltərə onu 3 milyon funta alıb və Hind okeanında özünün xaricdəki ərazisi elan edib. Mavrikiy Britaniyanı arxipelaqı qeyri-qanuni müstəmləkə işğalında ittiham edərək, onun müstəqillik müqabilində 1968-ci ildə Çaqosa olan hüquqlarından qeyri-qanuni şəkildə imtina etməyə məcbur olduğunu iddia edib. Baş nazirlər birgə bəyanatda bildiriblər ki, müqavilə “keçmişin səhvlərini aradan qaldıracaq və hər iki tərəfin çaqosiyalıların rifahını dəstəkləmək öhdəliyini nümayiş etdirəcək”. Yeni tərəfdaşlığın bir hissəsi olaraq Böyük Britaniya Mavrikiyi, o cümlədən infrastruktur sahəsini maliyyələşdirəcək. Bu, Mavrikiyaya Dieqo Qarsiya istisna olmaqla, Çaqos adalarında köçürmə proqramını həyata keçirməyə kömək edəcək. Beləliklə,  Böyük Britaniya Çaqos adalarında müstəmləkə siyasətindən əl çəkdi. İndi hesab olunur ki, Böyük Britaniya Hind okeanında yerləşən strateji əhəmiyyətə malik Çaqos arxipelaqı üzərində yarım əsrdən çox davam edən suverenliyindən imtina etməsi öz müstəmləkə ərazilərini əldən vermək istəməyən Fransa üçün nümunə olmalıdır.

Amma Fransa hələ də Böyük Britaniya kimi addımlar atmağa özündə cəsarət tapmır. Fransa dənizaşırı departamenti adı altında müstəmləkə siyasətini aparır. Fransa hökuməti müstəmləkə dövrünün mirası olan dənizaşırı ərazilərdə müstəqillik tələbləri irəli sürən insanlara qarşı çox sərt davranır.  Bu koloniyalar müxtəlif siyasi statuslara malikdir. Müstəmləkələrin siyahısına Atlantik okeanında yerləşən Qvadelupa, Martinika, Sen-Martin, Sen-Bartelemi, Sent-Pyer və Mikelon, Hind okeanında Reunion, Mayotte və Fransız Cənub və Antarktika əraziləri, Sakit okeanda Fransız Polineziyası, Yeni Kaledoniya, Uollis və Futuna, Cənubi Amerikada isə Fransız Qvianası daxildir. Onların ən yaxını Fransadan təxminən 4 min kilometr və ən uzaqda olanı isə 17 min kilometr məsafədə yerləşir. Parisdən təxminən 17 min kilometr uzaqlıqda yerləşən Yeni Kaledoniyada Fransa hökumətinin yerli əhalinin seçkilərdə təsirini azaltmaq məqsədilə konstitusiya islahatları təşəbbüsü adadakı müstəqillik tərəfdarlarını səfərbər edib. 1988-ci ildə yerli əhali ilə imzalanan Numea müqaviləsinə zidd olaraq, ən azı 10 ildir adada yaşayan fransızların seçkilərdə səs verməsinin yolunu açmaq cəhdi etirazlara səbəb olub. Digər müstəmləkə - Fransız Qvianası daha çox muxtariyyət istəyir. Cənubi Amerikada, Fransadan 7 min kilometr aralıda yerləşən Fransız Qvianası təhlükəsizlik problemlərindən əziyyət çəkir. Cinayət halları nisbətlərinin materikdən 10 dəfə yüksək olduğu 300 min nəfərlik koloniyanın əsas problemləri arasında Braziliya sərhədində sənədsiz miqrasiya və qeyri-qanuni qızıl hasilatı var. Burada yoxsulluq və işsizlik səviyyəsi yüksəkdir, sakinlər hökumətin infrastruktura və səhiyyə sektoruna sərmayəsinin qeyri-kafi olmasından şikayət edirlər. Fransız Qvianasında gənc əhalinin demək olar ki, 40 faizi təhsil və ya işləmək üçün xaricə gedir. Yerli hökumət Makronun Fransanın Aralıq dənizindəki Korsika adası üçün daha çox muxtariyyət vəd etdiyi halda, Qviana üçün eyni addımın atılmamasına mənfi reaksiya verir. Fransız Qvianası Konqresi 2020-ci ildə xüsusi statusla daha çox muxtariyyət tələb etmək üçün səs verib. Sakinlərin tələbinə baxmayaraq, 4 ilə yaxındır ki, konstitusiya tənzimlənməsi ilə bağlı Paris administrasiyası ilə danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Qvadelupa və Martinikada da muxtariyyət tələbləri artır. Fransadan təxminən 7 min kilometr uzaqlıqda yerləşən və 400 min nəfər əhalisi olan Karib dənizindəki Qvadelupa adasında yoxsulluq, cinayətkarlıq ən yüksək həddə çatıb. Fransanın ən yoxsul müstəmləkəsi olan Mayotte isə təhlükəsizlik və su problemləri ilə üzləşib. Hind okeanında, materikdən təxminən 8 min kilometr aralıda yerləşən Mayotte adasında Fransa zülmü artır. Mayotte sakinlərinin həyat səviyyəsi fransızlardan 7 dəfə aşağıdır və sakinlərin 77 faizi yoxsulluq həddinin altında yaşayır. Sakit okeanın cənubunda təxminən 300 min əhalisi olan 100-dən çox adadan ibarət, habelə materikdən təxminən 16 min kilometr uzaqlıqda yerləşən Fransız Polineziyası Fransanın 1966-1996-cı illər arasında keçirdiyi 200-ə yaxın nüvə sınağının təsirinə etiraz edir. Fransadan təxminən 9 min kilometr uzaqlıqda olan Reunion 2022-ci ilin sonunda altı koloniya ilə birlikdə Fransa rəhbərliyinə qarşı daha çox muxtariyyət tələb edərək “Fort-de-France” çağırışını imzalayıb. v Aralıq dənizində Fransadan çox İtaliyaya yaxınlığı ilə tanınan Korsika adası digər koloniyalardan fərqli bir tarixə malikdir, lakin daha çox muxtariyyət tələb etməsi ilə tanınır. Amma Fransa bunlara qarşı çıxır. Halbuki, ortada Böyük Britaniya nümunəsi var.

Nahid SALAYEV





Chosen
26
baki-xeber.com

1Sources