EN

NDU-da təhsildə inkişaf mərhələlərinə dair II Respublika elmi konfransı keçirilib

NDU-da

Naxçıvan, 4 oktyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində (NDU) Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan “Təhsildə inkişaf mərhələləri: rəqəmsallaşdırma və perspektivlər” mövzusunda II Respublika elmi konfransı keçirilib.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi yad olunub, Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, konfransın əsas məqsədi milli təhsil sistemimizin inkişaf yolunun öyrənilməsi, təhsilin inkişaf dinamikasının mərhələli şəkildə təhlil olunması, ölkədə məktəb və pedaqoji fikrin inkişaf tarixinin öyrənilməsi, təhsil sistemində kurikulum və Boloniya sisteminin tətbiqinin vəziyyəti, eyni zamanda təhsilin keyfiyyətinin artırılmasıdır.

Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rahid Ələkbərli ali təhsil müəssisələrində hibrid ixtisasların önəmindən bəhs edib. Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetindəki auditoriya, kabinə və laboratoriyaların rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərməsi xüsusilə əhəmiyyətlidir.

Bildirilib ki, gənclərin rəqəmsal texnologiyalar sahəsində biliklərini artırmağı və təhsildə baş verən innovativ yeniliklərə uyğunlaşmağı dövrün tələbatına çevrilib.

Bakı Biznes Universitetinin Layihələr şöbəsinin müdiri Gülşən Bayramova Azərbaycan ali təhsil sistemində sahibkarlıq ekosisteminin inkişaf etdirilməsinə dair çıxış edib. Natiq ali təhsil müəssisələrində tələbələrə və müəllim heyəti üçün yaradılan şərait və təşviqlər, dünya ali təhsil sisteminin nümunəvi tərəfləri, təhsildə keyfiyyətin yüksəldilməsi sahəsində aparıla biləcək işlər barədə məlumat verib.

Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev rəqəmsal texnologiyaların tibb sahəsində yaratdığı üstünlüklər və mövcud çatışmazlıqları tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Naxçıvan Dövlət Universitetinin pedaqogika və psixologiya kafedrasının dosenti Taleh Xəlilov müasir təhsil sistemində liderlik anlayışı mövzusunda çıxış edib.

Konfrans üz-üzə və onlayn formada 5 elmi bölmədə 7 panel müzakirələrlə işini davam etdirib. Elmi bölmələrdə təhsil tarixi, pedaqogika və psixologiya, metodika, pedaqogika, metodika və təhsildə İKT və bir sıra mövzular ətrafında tezis və məqalələr dinlənilib.

Qeyd edək ki, konfransda Azərbaycan və Türkiyədən ümumilikdə 18 ali təhsil müəssisəsi və elmi tədqiqat institu üzrə 81 məruzə dinlənilib.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

Chosen
15
azertag.az

1Sources