EN

Muzey Mərkəzində “Anadoludan Əsintilər” adlı sərginin açılışı olub

Bakı, 5 oktyabr, AZƏRTAC

Muzey Mərkəzinin Sərgi Qalereyasında SAKÜDER Türkiyə-Azərbaycan Qardaşlığı Cəmiyyətinin Təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin dəstəyi ilə “Anadoludan Əsintilər” adlı sərginin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən SAKÜDER Türkiyə-Azərbaycan Qardaşlığı Cəmiyyətinin İdarə Heyətinin sədri Əli Əsər sərgi haqqında məlumat verib. “Məqsədimiz sənəti yaşatmaq üçün sənətkarları dəstəkləmək, mədəniyyətimizi gələcək nəsillərə ötürmək və cəmiyyətimizin güzgüsü olan rəssamlarımızı, onların əsərlərini ictimaiyyətə təqdim etməkdir.

“SAKÜDER” rəssamın fırçası, yazıçının qələmi, musiqinin səsi, bir sözlə, sənətçinin səsi olmaq üçün var olmağa davam edəcək”-, deyə o əlavə edib.

Xalq rəssamı Arif Hüseynov sərgidə 25 rəssamın müxtəlif janrlarda əsərlərinin yer aldığını deyib: “Burada tanınmış Azərbaycan rəssamları ilə yanaşı, türk rəssamlarının ümumilikdə 53 əsəri təqdim olunub. Sərgidə Xalq rəssamı Tofiq Ağababayev, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev, Əməkdar artist Suğra Bağırzadə, İsa Məmmədov, Arif Hüseynov, Fikrət İbrahimli, Günəş Abbas, Aygün Ahnazarova, Bənövşə Ağayeva, Cəmilə Əkbərova, Elçin İsgəndərov, Fərəh Babayeva, Fatma Ulutan, Fatma Perihan Türkçü, Nuranə Babayeva, Nur Yıldırım, Sevda Rüstəmova, Sevinc Seles, Sibel Acar Kutlu, Təranə Qəmərlinskaya və Uras Yurdagülün əsərləri nümayiş olunur”.

Azərbaycan Türkiyə İş Adamları Birliyinin sədri Mürsəl Rüstəmov sərginin keçirilməsini yüksək qiymətləndirərək davamlı olmasını arzulayıb.

Daha sonra “SAKÜDER- 2024” şərəf və incəsənət mükafatları sahiblərinə təqdim olunub.

Chosen
19
azertag.az

1Sources