EN

Azərbaycana qarşı qarayaxma: "Qərbin addımları dağıdıcılığa xidmət edir”

"Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. 

Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur". 

Bu sözləri Prezident İlham Əliyev cari ilin 4 oktyabr tarixində Cəbrayıl şəhərində çıxışı zamanı deyib. 

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər:

"Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək". 

Qeyd edək ki, son zamanlarda başda Fransa olmaqla Qərb dövlətlərinin anti-Azərbaycan ritorikası daha da geniş vüsət alıb. Sözügedən dövlətlər ölkəmizin uğurlarına kölgə salmaq üçün davamlı şəkildə qarayaxma və böhtan kampaniyası aparırlar. 

Onlar hər vasitə ilə Azərbaycana təzyiq göstərməyə cəhd edirlər.

Lakin Prezident İlham Əliyevin də vurğuladığı kimi heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik.

Politoloq Tural İsmayılov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bu gün başda ABŞ və Fransa olmaqla, Qərbin imperialist dairələri Azərbaycanla açıq düşmənçilik aparırlar:

"Bu siyasətin nəticəsi Azərbaycan kimi bölgənin ən əhəmiyyətli ölkəsi ilə əlaqələrin pisləşməsinə səbəb olur. Son dövrlərdə ABŞ ilə Azərbaycan arasındakı münasibətlərdə normallaşma tendensiyası vardı.

Lakin ABŞ Dövlət Departamentinin səyləri nəticəsində bəzi ermənipərəst konqresmenlərin ölkəmizə qarşı böhtan, qarayaxma ilə dolu, beynəlxalq hüququn bütün norma və prinsiplərini pozan müraciətin edilməsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirir".

Həmsöhbətimiz onu da əlavə edib ki, Fransa isə ənənəvi anti-türk siyasətini davam etdirir:

"Bu gün insanların haqlarına qəsd edən, beynəlxalq hüququ saymazyana şəkildə tapdalayan, dövlətlərin hüquqlarına hörmət etməyən Fransadan onsuz da Cənubi Qafqazla bağlı obyektiv rəy gözləyə bilmərik. Ona görə də Qərbin ikiüzlü və qeyri-səmimi siyasəti bu gün bütün dünyada savaşa və xaosa səbəb olur".

Onun sözlərinə görə, Qərb Ermənistanı silahlandıraraq Azərbaycan əleyhinə qızışdırır və bölgədə gərginlik yaradır:

"Bu isə vəziyyətin daha da pisləşməsinə gətirib çıxarır. Bütün bunlar Qərbin bölgə ilə bağlı açıq-aydın mövqeyinin olmadığını göstərir. Qərbin addımları yalnız dağıdıcılığa xidmət edir. 

Həmçinin, bu gün Azərbaycanı hədəf almaqla bütövlükdə türk dünyasına qarşı olan qısqanclığını və erməni kartını itirməmək istəyini göstərir.

Ümumiyyətlə, bütün bu addımların və Azərbaycana təzyiq cəhdlərinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan uğurla öz siyasətini davam etdirir və COP29-a da çox uğurlu formada ev sahibliyi edəcək". 

Chosen
18
cebheinfo.az

1Sources