EN

“Araz-Naxçıvan” lider ola, “Səbail” və “Sumqayıt” dirçələ biləcəkmi? - YENİLƏNİR

Bu gün və sabah keçiriləcək oyunlarla Misli premyer-liqasında 9-cu tura, daha doğrusu, 1-ci dövrəyə yekun vurulacaq.

Beləliklə, elita klublarının yarışında millimizin Millətlər Liqasında keçirəcəyi matçlarla bağlı təxminən ikihəftəlik fasilə yaranacaq.

Misli premyer-liqası
1-ci dövrə, 9-cu tur
5 oktyabr
Səbail - Şamaxı

"Səbail"in bu rəqiblə ev oyunlarının balansı: 11:+3=4-4, 8:13.
2017/18 - 1:0, 0:1; 2018/19 - 2:1, 1:4; 2019/20 - 0:0; 2020/21 - 1:1, 1:1; 2021/22 - 1:2, 0:3; 2022/23 - 0:0, 1:0.
Cəzalı: Dmitri Litvin (Səbail)
"Futbol+"in proqnozu: 30-30-40.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Namik Hüseynov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı, "ASCO Arena". Saat 17.00.

Onsuz da son illərdə "Səbail"dən böyük gözləntilər yoxdu. Əlbəttə, belə düşüncə tərzinin təməlini elə "dənizçilər" özü qoyub. Komanda indiyə qədər az hallarda uğurlu qrafik cızıb. Ümumi mənzərə nə ürəkaçan olub, nə də azarkeşləri sevindirib. Bayıl təmsilçisi ənənəsinə sadiq qalmağa davam edir. İlk 8 tur ərzində cəmi bir qələbə qazanan komanda son 4 matçda məğlub olub.

"Səbail"i yenə cütün favoriti kimi qələmə verə bilmirik. Baxmayaraq ki, rəqibi ötən mövsüm 1-ci liqada tər töküb. Şahin Diniyevin təcrübəsinə əsaslansaq, "dənizçilər"in turdan-tura nəticələrini yaxşılaşdıracağını, xal ehtiyatını artıracağını gözləmək olardı. Lakin baş məşqçi həftələr ötdükcə tənqid olunur. Bunun əksini isə "Şamaxı"da müşahidə edirik. Ayxan Abbasovun seçimləri özünü doğruldub, düzgün strategiya nəticələrə təsirsiz ötüşmür. Bölgədə o qədər yüksək əhval-ruhiyyə var ki, şamaxılılar avrokubok eşqinə düşüb. Odu ki, bütün amillər "şirlər"in qələbə qazanacağını iddia etməyə imkan verir.

Bu komandalar indiyə qədər 23 dəfə qarşılaşıb. Bunların 8-də "Səbail", 7-də "Şamaxı" qalib gəlib, 8-də hərəyə 1 xal düşüb. Topların nisbətində bərabərlik var - 23:23.

Sabah - Araz-Naxçıvan
"Sabah"ın bu rəqiblə ev oyunlarının balansı: 2:+1=1-0, 3:1.
2023/24 - 1:1, 2:0.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 40-30-30.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı, "Bank Respublika Arena". Saat 19.30.

"Sabah" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında "Makkabi"ni darmadağın etdi ki, azarkeşləri çempionluq xəyalları qurmağa başladı. Lakin "Qarabağ" ötən həftə bu komandaya 17 dəqiqədə üç qol vurmaqla bəzi reallıqları yenidən təsdiqlədi. Müdafiə xəttindəki ciddi çatışmazlıqlar "bayquşlar"a baha başa gələ bilər. Komanda keçirdiyi səkkiz oyunun hamısında bu problem üzündən böyük çətinliklə üzləşib. Hələ ki Krunoslav Renduliçin islahatları fayda vermir. Masazır təmsilçisi "Araz-Naxçıvan"a qarşı da həmin boşluqlardan "sığortalanmayıb". Odu ki, meydan sahiblərinin qalib gələcəyini əminliklə demək mümkün deyil. Üstəlik "qırmızı-ağlar" da mövsümə uğurlu start verib. Elmar Baxşıyevin komandası rəqibin kimliyindən asılı olmayaraq, öz oyununu diqtə edir. Muxtar Respublika təmsilçisi son altı matçda uduzmayıb. Yenə də oyunçuların fərdi ustalığı baxımından "bayquşlar"ı favorit saysaq, yanılmarıq.

Bu komandalar indiyə qədər 4 dəfə qarşılaşıb. Bunların 2-də "Sabah", 1-də "Araz-Naxçıvan" qalib gəlib, 1-də qalib müəyyənləşməyib. Topların nisbətində "bayquşlar" öndədi - 4:3.

6 oktyabr
Turan Tovuz - Zirə

"Turan Tovuz"un bu rəqiblə ev oyunlarının balansı: 4:+1=0-3, 3:7.
2022/23 - 1:3, 0:2; 2023/24 - 1:0, 1:2.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 30-30-40.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Şirməmməd Məmmədov, Əkbər Əhmədov.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Namik Hüseynov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz, şəhər stadionu. Saat 17.45.

Mövsümə əla başlayan "Turan Tovuz"un indi eniş dövrünü yaşadığı sirr deyil. "Nə baş verdisə, "Sabah"la matçda sayılmayan qoldan sonra oldu" deyənlərin sayı yetərincə çoxdu. Lakin belə düşüncələr komandanı ruhdan salmamalı, əksinə, hədəfdən daha möhkəm yapışmağa vadar etməliydi. "Bozqurd" son həftələrdə yaxşı təsir bağışlamır. Kurban Berdıyev komandasını toparlamağın yolunu tapmalı və avrokuboklar uğrunda mübarizədə axsamamalıdı. Əlbəttə, bunun üçün "Zirə" ilə matçda qələbə qazanmaq şərtdi. Yenə də azarkeşlərin dəstəyi və döyüşkən oyun tərzi hesabına azı bir xala ümid etmək olar. Qəsəbə təmsilçisinin durumu isə ürəkaçandı. Əksər komandalar üçün uğursuz sayılan Tovuz səfəri, yuxarıdakı statistikadan da göründüyü kimi,"Zirə" üçün düşərlidi. Belədə qonaqları favorit saya bilərik.

Bu komandalar indiyə qədər 8 dəfə qarşılaşıb. Bunların 2-də "Turan Tovuz", 5-də "Zirə" üç xala yiyələnib, 1-də isə "sülh" qeydə alınıb. Topların nisbətində "qartallar" öndədi - 13:9.

Sumqayıt – Qarabağ
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 23:+5=4-14, 11:53.
2011/12 – 0:0; 2012/13 – 1:6; 2013/14 – 0:3, 1:0; 2014/15 - +:-*, 1:2, 2015/16 – 1:0, 0:2; 2016/17 – 0:2, 0:4; 2017/18 – 1:1, 0:1; 2018/19 – 0:2, 0:6; 2019/20 – 2:1; 2020/21 – 2:2, 0:0; 2021/22 – 0:4, 0:3; 2022/23 – 0:2, 0:6; 2023/24 – 1:6, 1:0.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR hakimi: Tural Qurbanov.
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 20.00.

“Sumqayıt”da Samir Abasovun islahatları davam edir. Onun “Neftçi” ilə matçda atdığı addımlar bəhrə verdi. İnsafən, komandanın döyüşdüyünü, əzmkarlıq səviyyəsinin artdığını deyə bilərik. “Qarabağ”da isə belə deyil. Ağdamlılar premyer-liqada hegemondu, avrokuboklarda autsayder. Odu ki, srağagün bu tirnirlərdə qeydə alınan ardıcıl dördüncü məğlubiyyətin komandaya mənfi təsir edəcəyini düşünmək olar. Təbii ki, Qurban Qurbanovun təcrübəsi belə problemləri qısa müddətdə aradan qaldırmağa bəs edir. Yenə də “kimyaçılar” yorğun rəqibdən xal almaq ümidilə meydana çıxacaq.

Bu komandalar indiyə qədər 47 dəfə üz-üzə gəlib. Bunların 35-də “Qarabağ”, 7-də “Sumqayıt” qələbə qazanıb, 5-də hərəyə 1 xal düşüb. Topların nisbətində “köhlən atlar”ın əzici üstünlüyü var – 116:23.

1. Qarabağ 7 6 0 1 19-6 18
2. Araz-Naxçıvan 7 5 1 1 10-8 16
3. Zirə 7 5 0 2 14-5 15
4. Turan Tovuz 8 4 3 1 11-6 15
5. Sabah 8 4 2 2 18-14 14
6. Şamaxı 7 3 3 1 8-5 12
7. Sumqayıt 8 2 1 5 6-10 7
8. Neftçi 9 0 5 4 6-15 5
9. Səbail 8 1 1 6 12-17 4
10. Kəpəz 9 1 0 8 6-24 3


Bombardirlər: Coy-Lens Mikels, Cesse Sekidika (hər ikisi "Sabah") - 5, Davit Volkov, Rafael Utziq (hər ikisi "Zirə") - 4.

KƏNAN BAHADIR

Chosen
143
3
football-plus.az

7Sources