EN

Elmar Baxşıyev və Krunoslav Renduliçdən heç-heçəyə şərh

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 9-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış qarşılaşmadan sonra bunları söyləyib:

“Yaxşı, dinamik oyun alındı. Hər iki komanda yaxşı iş ortaya qoydu. Həmişə komandamdan daha artığını istəyirəm. Futbolçular mənim istədiyim oyunu göstərməyə çalışırlar. Oyun baxımından daha da rəngarəng ola bilərik. Düşünürəm ki, heç-heçə ədalətli nəticədir.

Hər məşqçi öz komandasına güvənməlidir. Bu komandanı formalaşdıranda çətinlik çəkirdik. Amma istədiyimiz futbolçuları heyətə cəlb edə bildik. Oyun planında daha da artıra bilərik. Bizə inanmasalar da, mən futbolçularıma inanıram. Komandam öz oyunu ilə hamıya layiqli cavabı verəcək. Hiss edirik ki, klub olaraq bizə diqqət azdır. Büdcə ilə baxırlarsa, futbolda büdcə hər şey deyil”.

Elmar Baxşıyev hakimlərin “Araz-Naxçıvan”a kömək etdiyi barədə iddiaları da cavablandırıb:

“Turan Tovuz”la oyunda Ramon Maçadonun epizodundan danışırlar. Həmin epizoddan bugünkü matçda da oldu. Boyan Letiçin epizodu eynidir. Bunu heç kim danışmayacaq. Amma Maçadonun epizodunun üstündən 10 tur da keçsə, hamı danışacaq. Çempionat uzundur, komanda olaraq bərk olmalıyıq ki, bu maneələr bizi çaşdırmasın”.

“Hədəflədiyimizdən 2-3 xal az toplamışıq”

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç isə doğma meydanda xal itkisinə belə şərh verib:

“Oyuna çox yaxşı başladıq. 5-ci dəqiqədə qol vurduq. Əfsuslar olsun ki, 3 dəqiqə sonra səhv etdik. Yaxşı oynamaq istəyirsinizsə, belə uşaq səhvləri etməməlisiniz. Rəqib 35 metrdən uzun topla fərqlənir. Mən buna şərh verməyə çətinlik çəkirəm. Qol buraxdıqdan sonra birinci hissədə pis oynadıq. Sanki futbolçuların ayaqları getmirdi. İkinci toplarda problemimiz var idi. İkinci hissədə daha yaxşı oynadıq. Amma nəticədə bərabərliyə razı olduq. Etdiyimiz səhvləri nəzərə alsaq, 1 xal bizim üçün yaxşıdır.

Həmişə demişəm ki, qol vurduqdan sonra 5-6 dəqiqə çox önəmlidir. Müdafiədə daha yaxşı oynamalısan ki, rəqib fərqlənməsin. Bir çox hallarda müdafiədə bu cür situasiyaları düzgün dəyərləndirmirik. Futbolda 2-3 metr yox, 20 santimetr də çox önəmlidir.

Hədəflədiyimizdən 2-3 xal az toplamışıq. Birinci dövrədə heç nədən xallar itirdik. “Qarabağ”la oyunda xal qazanmağa layiq idik. Amma ötən mövsümün ilk dövrəsi ilə müqayisə etsək, bu il çox yaxşıyıq. İrəlidə çox oyun var. İkinci dövrədə daha çox xal toplayacağıq”.

Chosen
26
arena.az

1Sources