EN

“Footballskanalen” Juninyonu “F-1” ilə müqayisə etdi - “Malmö”nün azarkeşləri Bakıda təxribata əl atıb

Oktyabrın 3-dək “Qarabağ”ın İsveç təmsilçilərini həmişə cəzalandırmasıyla arxayın şəkildə öyünə bilərdik. Lakin “Malmö” ilə qarşılaşmanın final fiti səslənəndən sonra bu zövqdən məhrum olduq.

Təəssüf ki, indi sevinmək növbəsiisveçlilərindi. Axı “köhlən atlar”ın rəqibi əməllicə qisas aldı! Bu üzdən İsveç mətbuatının “Malmö”nün qələbəsi haqda yazmağa, Bakıda keçirilən oyunun bütün detallarını oxucularına çatdırmağa tam ixtiyarı var. Bu yazıda sizi “Footballskanalen”in qeydləriylə tanış edəcəyik.

“Botheym “Malmö”nün qəhrəmanıdı – o, “Qarabağ”ı yerə batırdı”

Düzdü, Tofiq Bəhramov adına stadionda fantastik komanda işi gördük. Lakin Botheymi fərqləndirməsək, futbol ilahəsinə xəyanət etmiş sayılarıq. Şübhəsiz, qələbənin memarı Botheymdi. O, kiçik iş görməyib. “Qarabağ”... Bu komanda İsveç komandalarıyla duellərin heç birində uduzmamışdı. Hətta bəziləri azərbaycanlıların səmavi güclərinin olduğunu düşünürdü. Və budu... Botheym bütün mifləri darmadağın etdi. Hesabı 14-cü dəqiqədə sürətinə görə “Formula-1” avtomobilini xatırladan Juninyo açdı. Belədə “Malmö”nün bir neçə dəfə bəxtini sınayacağını, alınmadıqdan sonra ruhdan düşüb məğlubiyyətlə barışacağını düşünənlər var idi. Amma Botheym hamısını yanıltdı. O, rəqibə akrobatik şəkildə erkən cavab verdiyindən “Malmö” “ölmədi”.

Fabian Buntiç əla seyv etməsə, fasiləyə öndə yollanmaq da mümkün idi. Amma qolkiper komandasının daha bir neçə dəqiqə ümidli olmasına imkan verdi. İkinci yarıda matçın ən yaxşısı Botheym yenə fərqləndi! Juninyonun qolu sayılmadı. Bir qədər sonra Zubir təkbaşına nəsə etmək istəsə də, bərabərlik qolunu vura bilmədi. “Malmö” möhtəşəm səfər oyunuyla liqa mərhələsinin iddialısı olmaq yolunda iri addım atdı. “Qarabağ” əvvəlki isveçli rəqiblərini unutsa da, “Malmö”nü həmişə xatırlayacaq”.

“Bakıdakı “Malmö” tərəfdarlarından xahişimiz var...”

“Malmö”nü dəstəkləmək üçün İsveçdən Bakıya təxminən 70 azarkeş yollanıb. Bəlkə az, bəlkə çox... Hüquq-mühafizə orqanları bəzi tərəfdarların əlindəki pankartlarla “Tofiq Bəhramov”a daxil olmalarına icazə verməyib. Səbəb belədi: “Azərbaycanda siyasi motivli pankartlar açmaq, kimisə tənqid etmək, “Dağlıq Qarabağ münaqişəsi” haqda danışmaq olmaz”. Bizə belə dedilər. Görünür, burda qaydalar İran, Belarus və Rusiyadakından daha sərtdi.

Ümumiyyətlə, Qarabağ azərbaycanlılar üçün çox həssas məsələdi. Bakıda bu haqda danışırsansa, dediklərin onların xoşuna gəlməlidi. Yoxsa yerli əhaliylə dalaşmalı olursan. Ya da polislər səni narahat edir. Hətta bəzi isveçli azarkeşlər Azərbaycanın Qarabağda etdiyi müharibəni qınamaq istəsə də, buna imkan verilməyib. Onlar çox kəskin reaksiyalarla üzləşiblər. Azərbaycanda LGBT bayraqlarını da sevmirlər. Amma ölkənin beynəlxalq əlaqələri çox geniş olduğundan hələ də komandaları UEFA-nın bayrağı altında keçirilən yarışlarda çıxış edə bilir. Əks halda, çoxdan “Qarabağ”ın avrokuboklarda iştirakı qadağan olunardı.

Bakı... Avropadan çox uzaq olsa da, tipik Avropa şəhəridi. Təbii ki, insanları haqda bunu deyə bilmərik. Ona görə ki, Bakıda azad düşüncəyə, kimisə tənqid etməyə, hazırladığın pankartı açmağa icazə vermirlər. Onlar deyirlər ki, Bakıya “Malmö”nü dəstəkləməyə gəlmisiz, siyasəti həll etməyə yox. Əlbəttə, belə cavablar bizi qane edə bilməz. Hələ də Bakıda olan “Malmö” tərəfdarlarından xahişimiz var. Evə birlikdə qayıdaq. Çalışın ki, polislər sizinlə maraqlanmasın. Hörmətlə, Olof Ahelsson”.

KƏNAN BAHADIR

Chosen
58
football-plus.az

1Sources