EN

Samir Abasov: “Oyuna “Qarabağ” nəzarət etsə də…”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Bu oyundan 1 xalla ayrılsaydıq, daha sevincli olardıq. Amma futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardıq, rəqibə epizod verməməyə çalışdıq. Futbolçularım nələri varsa, meydanda qoydular. Belə qol buraxmamaq üçün bəxtin də gətirməlidir. Düzdür, oyuna nəzarət edən tərəf “Qarabağ” idi. Amma rəqibin 100 faizli qol imkanları yadıma gəlmir. Bu mübarizəyə görə futbolçularımdan razıyam. Digər matçlara hazırlaşacağıq”.

Samir Abasov komandasının hücum xəttindəki “dişsizliy”indən də söz açıb:

“Hücumçulardan istədiyimizi ala bilmirik. Problem sırf hücumçularımızdadır. Baş məşqçinin işi nədir? Həmin problemləri görüb, komandanın epizodlar yaratması üçün bunun üzərində işləsin. O yöndə işləyəcəyik. Hansısa futbolçunun yerinə gedib hücumda dayanıb, qol vurası deyilik. Hücumçuları dəyişib, başqa oyunçuları orada oynada bilərsən. Hər iki hücumçumuzda problem var. Hücumlarımızı daha da çoxaltmalıyıq. O qədər epizod yaratmalıyıq ki, nə azı birini vuraq. Bu yöndə işləyəcəyik. Məncə, hücum yaratmaqda problemimiz yoxdur, sadəcə, sonluğu gətirə bilmirik. Firkimizi başqa futbolçulara yönəldəcəyik”.

“Sumqayıt”ın baş məşqçisi yeni transferlərin komandaya tam uyğunlaşmadığını bildirib:

“Hər oyunda dəyişikliklərə əl atırıq. Ötən il də eyni proses yaşayırdıq. Axtarışdaydıq. Futbolçulara vaxt lazım olduğu bəllidir. Komandanın pis oynadığını deməzdim. Ötən turda da gördük ki, yaxşı oynamağa başlamışıq. Mübarizə etməməyimiz bizə olan əsas iradlar idi. Bəzi oyunçularla yaşanan problemlər də var. Qarşıdakı fasilə dövründə bütün bu çatışmazlıqları aradan qaldırmağa, uşaqları optimal formaya gətirməyə çalışacağıq. Yeni gələn gürcü futbolçumuz optimal formaya gəldikdə, bizə çox kömək edəcək. Yaxşı, keyfiyyətli oyunçudur”.

Chosen
26
4
arena.az

10Sources