EN

Amerika və Azərbaycan arasında gərginlik: “Çirkin bir müraciətdir”

Azərbaycanda bir qrup deputat Amerika Birləşmiş Ştatları ilə münasibətlərin yenidən gözdən keçirilməsi üçün Xarici İşlər Nazirliyinə təkliflər göndərib.

Onlar nazirlikdən rəsmi Vaşinqtonla 1997 və 2013-cü illərdə müdafiə məsələləri ilə bağlı imzalanmış müqavilələrə xitam verilməsini, yeni müqavilələrlə bağlı danışıqların dayandırılmasını və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (USAID) Azərbaycandakı fəaliyyətinə son qoyulmasını istəyiblər.

Deputatlar Amerika Konqresinin 60 üzvünün Azərbaycana təzyiq göstərilməsi ilə bağlı Dövlət Departamentinə müraciətinə cavab olaraq bu addımı atıblar, Milli Məclis üzvlərinin yaydığı müraciətdə qeyd olunub.

"Təəssüflə qeyd etmək istərdik ki, bir sıra dairələr Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək, Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər. ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir", - XİN-ə deputatların müraciətində deyilir.

Oktyabrın 3-də Amerika Birləşmiş Ştatları Konqresinin 60-a yaxın nümayəndəsi dövlət katibi Antony Blinken-i COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycanda “insan haqlarının pozulması, siyasi məhbusların mövcudluğu, Ermənistanı müharibə ilə hədələmə, beynəlxalq hüquqa əməl edilməməsi” ilə bağlı rəsmi Bakıya təzyiq göstərməyə çağırıblar.

Azərbaycan Prezidenti İlham Əliyev bu müraciətdən bir gün sonra verdiyi açıqlamada, Vaşinqtonu ölkəsinə qarşı yeni sanksiyalar hazırlamaqda ittiham edib.

“Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz,” o deyib.

O həmçinin Amerika Birləşmiş Ştatlarının Azərbaycana hərbi yardımların dayandırılmasını nəzərdə tutan 907-ci düzəlişlə bağlı iradlarını da səsləndirib və bütüb bunları “düşmənçilik siyasəti” adlandırıb.

“Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! Yəni, biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün?… Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər?”, İlham Əliyev deyib.

ABŞ-ın rəsmi Bakının reaksiyası ilə bağlı mövqeyi hələlik bəlli deyil.

Sentyabrın 16-da Prezident İlham Əliyevlə telefonla danışan Antony Blinken iki ölkə arasında əlaqələrin vacibliyini vurğulamış, ölkəsinin Azərbaycanda keçiriləcək COP29 tədbirində iştiraka sadiq qaldığını bildirmişdi.

Videonu YOUTUBE kanalımızdan izləyəyin.

Chosen
9
bbc.com

1Sources